Çexiya Daxili İşlər Nazirliyi leqal silah gəzdirmək icazəsi olan vətəndaşlara bu silahdan terrorçulara qarşı mübarizədə istifadə etmək hüququ verməyi nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış edib.
“RİA Novosti” xəbər verir ki, Çexiya DİN-in fikrincə, bir sıra hallarda dövlət orqanlarının hücum edən terrorçuların qarşısını cəld və effektiv surətdə almaq imkanları çox məhduddur. Buna görə də nazirlik leqal silaha malik vətəndaşlara ilkin müdafiə fəaliyyəti həyata keçirmək hüququ verilməsini təklif edir.
Bununla yanaşı, yeni qanun yalnız Çexiya vətəndaşlarına şamil olunmalıdır.
Hazırda ölkədə leqal silah saxlamaq icazəsi olan 300 mindən çox şəxs var. Onlar 798,4 min ədəd atıcı silaha sahibdirlər.