XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 14:21

Yaxın 6 ayda Türkiyədə dolların qiyməti4 lirəni keçə bilər

Bu ilin 1-ci yarısında Türkiyədə dolların məzənnəsi 4 lirəni üstələyə bilər.  Bu açıqlama ilə Yaponiyanın məşhur “Nomura” broker-investisiya şirkətinin London filialının inkişaf etməkdə olan ölkələr üzrə analitiki Herik Qulberk (Henrik Gullberg) çıxış edib.

Onun proqnozlarına görə, Türkiyə Mərkəzi Bankı (TMB) ölkənin valyuta bazarına yalnız 2017-ci ilin ikinci yarısında müdaxilə edəcək və lirənin məzənnəsini sabitləşdirəcək. Yaxın 6 ay ərzində isə bu ölkədə dollar 15% bahalaşacaq.

“Maliyyə bazarı iştirakçıları TMB-nin inflyasiya təhlükəsinə verəcəyi reaksiyaya baxır. Real faiz səviyyələri lirədə qısa mövqe açılmasının qarşısını almaq üçün artırılmalıdır. Ancaq hazırda TMB real faizlərin azalmasına imkan yaradır. Yəni, inflyasiya TMB-nin uçot dərəcələrindən daha sürətlə artır”, – deyə “Nomura” analitiki qeyd edib.

Onun sözlərinə görə, türk lirəsi hər hansı mənfi amillə əlaqədar ucuzlaşacaq, amma müsbət amil olduqda bahalaşmayacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Türkiyədə inflyasiya 8,53% təşkil edib. Bu isə TMB-nin uçot dərəcəsindən 0,53% bəndi çoxdur.

“Report”un analitik qrupu hesab edir ki, TMB-nin uçot dərəcəsi inflyasiya səviyyəsindən az 2% bəndi çox olmalıdır. Əks halda türk lirəsindən imtina davam edəcək və milli valyutanın evalvasiyası sürətlənəcək. Amma, iqtisadi artımı dəstəkləmək məqsədi ilə ilin ilk yarısında faizlərdə ciddi artım gözlənilmir. Bu səbəbdən TRY/USD məzənnəsinin 4,05 səviyyəsinə qədər artması proqnozlaşdırılır.

(report)