ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi təxminən 13 milyon səhifədən ibarət müxtəlif sənədlərin toplandığı arxivini dərc edib.
CNN telekanalının yaydığı məlumata görə, əvvəllər bu sənədlərə yalnız Merilend ştatında yerləşən Milli Arxivin dörd kompüter terminalında baxmaq mümkün idi.
Mərkəzi Kəşfiyyat İdarəsi məxfilikdən çıxarılmış sənədləri 2017-ci ilin sonlarında internetdə yerləşdirməyi planlaşdırsa da, sonradan prosesi sürətləndirməyi qərara alıb.
Dərc olunmuş sənədlərdə, əsasən Vyetnam müharibəsi, Koreya münaqişəsi və “soyuq müharibə” zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyəti əks olunub. Burada, həmçinin naməlum uçan obyektlərin (UNO) mümkün varlığı və insanların müxtəlif bacarıqları, o cümlədən hadisələri “qabaqcadan görmə” və uzaq məsafədən informasiya toplama qabiliyyətlərinə dair tədqiqatların aparıldığı “Stargate” hərbi layihəsi barədə məlumatlar təqdim edilib(azərtac).