Русская служба BBC (Böyük Britaniya), 22.01.2017
Vaşinqtonda yüz minlərlə adam ABŞ prerzidentyi Donald Trampın and mərasimindən sonrakı birinci gündə beynəlxalq etiraz kampaniyasının zirvəsi olan “Qadın yürüşü”nə çıxıb. Əvvəlcə gözlənilirdi ki, yürüşdə 200 minədək adam iştirak edəcək, amma təşkilatçılar aksiyaya bir az qalmış gələnlərin gözlənilən sayını 500 minədək yüksəldiblər.
Vaşinqtondakı yürüşə həmrəylik əlaməti olaraq yüzlərlə şəhərdə, o cümlədən Sidney, London, Paris və Barselonada etiraz aksiyaları olub. Ümumilikdə şənbə günü bütün dünyada 700-ə qədər “qadın yürüşü” planlaşdırılıb.
Aralarında solçu partiyaların, feministlər və “yaşıllar” hərəkatının fəalları olan təşkilatçılar diqqəti, onların fikrincə, Donald Trampın hakimiyyətə gəlişi ilə təhlükə altında olan qadın hüquqları probleminə cəlb etmək istəyirlər.
Əksəriyyəti açıq çəhrayı papaq qoymuş marş iştirakçıları həmçinin irqi bərabərlik, ucuz səhiyyə və abort hüququ uğrunda çıxış ediblər. Etirazçıların çəhrayı papaqları 2005-ci il səsyazısını xatırlatmaq üçün nəzərdə tutulub – Tramp bu yazıda qadınların intim yerlərinə toxunduğu barədə danışıb.
Müğənnni Keti Perri, aktrislar Skarlett Yohansson, Emi Şumer, Patrisiya Arket və rejissor Maykl Mur yürüşə qatılıblar.
Pop ulduzu Madonna da marşda çıxış edərək bir neçə kəskin bəyanat verib. Müğənni yığışanlara deyib: “Bəli, mən hiddətlənmişəm. Bəli, düşünürdüm ki, Ağ Evi partlatmayımmı?”
Tramp seçkiqabağı kampaniya zamanı qadınlar, meksikalılar və müsəlmanlar barədə saymazyana danışaraq liberalcasına köklənmiş amerikalılarda coşqun qəzəb oyadıb, həmçinin “Hər şeydən əvvəl Amerika” prinsipini rəhbər tutacağını vəd edərək xaricdə çoxlarını təşvişə salıb.
Aksiya təşkilatçılarının bəyanatında deyilir: “Bundan öncəki seçki kampaniyasının ritorikası əksəriyyətimizi təhqir edib, iblisləşdirib və təhdid edib”.
Təşkilatçılar əlavə ediblər: “Vaşinqtondakı “Qadın yürüşü” yeni hökumətimizə və bütün dünyaya ilk gündən aydın şəkildə başa düşməyə imkan verər ki, qadın hüquqları insan hüquqlarıdır”.
Tərcümə Strateq.az-ındır.