XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 11:31

Hollandiyanın Baş naziri:“Ya özünüzü ədəbli aparın, ya da gedin”

Niderlandın Baş naziri Mark Ryutte parlament seçkilərinə ay yarım qalmış inteqrasiya olunmaqdan imtina edən və ya özlərini anti-sosial aparan miqrantlara “ölkənin dəyərlərini fəal qorumağın” zəruriliyindən danışıb. M.Ryutte “Twitter” sosial şəbəkəsindəki müraciətində yazıb: “Ya özünüzü ədəbli aparın, ya da gedin”.

Baş nazir bu baxımdan xatırladıb ki, bəzi miqrantlar “qısa yubkada olan qadınları təhqir edirlər”. O, əlavə edib ki, bu, heç də hamıya aid olmayıb, hamıya bir gözlə baxmaq və adamların hamısını ölkədən çıxarmaq demək deyil.

İcmalçılar Mark Ryuttenin bu cür çıxışının seçkiqabağı mövqeyini möhkəmləndirmək və Qert Vildersin Sağ Azadlıq Partiyası tərəfdarlarının səsini qazanmaq məqsədi daşıdığını bildirirlər.

Vilders “Twitter”də öz mikrobloqunda Ryutteni ikiüzlülükdə ittiham edərək bildirib ki, Baş nazir əvvəlcə açıq qapı siyasətini yürüdüb, indi isə miqrantlara qarşı çıxış etməklə reytinqini qaldırmağa çalışır.

Bundan əvvəl dekabr ayında Qert Vilders mərakeşlilərin diskriminasiyası üzrə məhkəmə işində təqsirkar hesab edilib. O, məhkəməyə özünün 2014-cü ildə seçkiqabağı mitinqdə söylədiyi ifadələrə görə düşüb. O zaman Qert Vilder Haaqada tərəfdarları qarşısında çıxış edərkən soruşub: “Siz öz şəhərinizdə və Niderlandda daha çox və ya az mərakeşli olmasını istəyirsiniz?” Kütlə “Daha az!” cavabını verəndə Vilder təbəssümlə cavab verib: “Biz bunun qayğısına qalarıq”.