XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 19:41

Yaxın 20 il üçün əlverişli hava xəritəsitərtib olunub

ABŞ-ın Prinston Universitetinin və Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin alimləri iqlim dəyişməsinin planetimizdə mülayim isti havanın olduğu günlərin tezliyinə və paylanmasına necə təsir göstərdiyini ilk dəfə qlobal şəkildə təhlil ediblər.

Azərtac “gismeteo.ru” saytına istinadla xəbər verir ki, tədqiqatçılar aşağıdakı parametrlərin – Selsi ilə 18-30 dərəcə istinin, 1 millimetrdən az yağıntının cəminin və Selsi ilə 20 dərəcədən aşağı şeh nöqtəsinin qiymətinin məcmusunu isti hava kimi götürüblər.

İldə 74 günə bərabər olan cari qlobal orta göstərici sonrakı 20 il ərzində 4 gün, əsrin sonu üçün isə 6 gün azalacaq. Lakin orta enliklərdə – ABŞ-ın şimal və dağlıq hissələrində, Britaniya adaları və Şimali Avropada, Asiyanın şimal-şərqində, həmçinin Cənubi Amerika və Okeaniyanın cənubunda yaşayan əhali xüsusən bahar, yay və payızda isti hava şəraitinin 10-15 gün çoxaldığını müşahidə edəcəklər.

İsti günlərin sayı tropik regionlarda daha çox azalacaq. Metamorfozlar Afrika, Asiya və Latın Amerikasında daha çox nəzərə çarpacaq. 2100-cü il üçün bu regionların bəzilərində isti günlərin sayı 15-50 gün azalacaq. Soyuq düşməyəcək, əksinə daha isti və quraq olacaq.

Mülayim hava ekstremal hava şəraiti ilə müqayisədə insanların çoxuna təsir göstərdiyi üçün tədqiqat iqlimin dəyişməsi problemini cəmiyyətə başa düşülən şəkildə çatdırır. Turizm, inşaat, nəqliyyat və kənd təsərrüfatı sahələri tədqiqatçıların mülayim kimi müəyyənləşdirdiyi havanın hakim olduğu günlərin tezliyindən asılıdır.

İlk baxışda isti günlərin sayının çoxalması əla xəbər təsiri bağışlayır. Amma bu hal temperaturun artmasının nəticəsi olacaq, quraqlıq və istilik axınları gətirəcək.

Yer iqliminin gələcəyi barədə bütün proqnozlar 1986-cı ildən 2005-ci ilə qədər müddətdə mülayim hava şəraiti olan günlərin illik sayı ilə bağlı sənədləşdirilmiş dəyişikliklərə əsaslanıb.