XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 13:00

Gürcüstan və Rusiya barışır –Diplomatik münasibətlərin bərpa məsələsi gündəmə salına bilər

gurcu rus

Fevralın əvvəlində Praqada Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin görüşü olacaq.

“İzvestiya” qəzetinin yazdığına görə, Z.Abaşidze diplomatik münasibətlərin bərpası məsələsinin gündəmə salınacağını istisna etməyib.

2016-cı ilin sonunda hər iki tərəf münasibətlərin yoluna qoyulması yönündə çalışacağını bildirmişdi. Rusiya prezidenti Vladimir Putin isə Gürcüstan vətəndaşlarına vizanın ləğvinin mümkün olduğunu söyləmişdi. Viza məsələsi gürcülərdən ötrü çox önəmlidir. “İzvestiya” qəzeti Rusiyayla Gürcüstanın son zamanlar bir-birinə doğru irəlilədiyini, ticarət, nəqliyyat sahələrində, eləcə də humanitar və mədəni əməkdaşlığın inkişafı istiqamətində işin sürətlə getdiyini, belə davam etsələr, ciddi əməkdaşlığa nail olacaqlarını yazır. Doğrudur, rəsmilər diplomatik münasibətlərin bərpasının hələ gündəmdə olmadığını deyirlər. Dialoqun səviyyəsi, hələ ki, Z.Abaşidze ilə Q.Karasinin Vyana və Praqa görüşləri formatından artıq deyil.

Z.Abaşidze viza məsələsinin də diplomatik münasibətlərlə təsir etməyəcəyini, sadəcə, irəliyə addım ola biləcəyini söyləyib. Amma Z.Abaşidze budəfəki görüşdən öncə diplomatik münasibətlərin bərpasının bəzi şərtlər daxilində gündəmə gələ biləcəyini də deyib. O, Tbilisinin dialoqa hazırlığını, diplomatik iradənin mövcud olduğunu bildirib.

Rusiyanın təmsilçisi Q.Karasin isə «İzvestiya» qəzetinə müsahibəsində Gürcüstanın diplomatik münasibətlərin bərpasıyla bağlı danışıqlara hazırlığını alqışladığını deyib: “Hörmətli həmkarım Zurab Abaşidze, doğrudan da, belə bəyanatla çıxış edibsə, bunu yalnız alqışlamaq olar. Bilirsiniz ki, münasibətləri Rusiya kəsməyib, onların bərpasına da biz tərəfdən əngəl yaradılmayıb, indi də yoxdur. Ona görə də bu yöndə pozitiv dəyişikliklərin vaxtı Tbilisidən asılıdır”.

Ötən il Praqa və Vyana danışıqlarında rəsmilər əsasən, konkret məsələləri müzakirə ediblər. Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələlər beynəlxalq formatlı Cenevrə danışıqlarında götür-qoy edilir.

Gürcüstanla Rusiyanın münasibətləri, özəlliklə, 2008-ci ildə – Rusiyanın Gürcüstana müdaxiləsindən sonra pozulub.

Gürcüstanda hazırda hakimiyyətdə olan «Gürcü Arzusu» Partiyası da əvvəlki hakimiyyət kimi Qərbə meyllidir. Bu partiya da Avropa Birliyi və NATO-ya can atır, amma eyni zamanda Rusiyayla da münasibətləri yoluna qoymağın tərəfdarıdır.