Fələstin Muxtariyyətinin rəsmiləri əl-Əqsa məscidinin yerləşdiyi məkanı yəhudi məbədinin ərazisi adlandırdığına görə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşi tənqid ediblər.
Strateq.az xəbər verir ki, Muxtariyyətin xarici işlər naziri Adnan əl-Hüseyni "Sinxua" agentliyinə müsahibəsində deyib: "Quterreş əl-Əqsa məscidini İslam mədəniyyətinin irsi hesab edən UNESCO-nun qərarına məhəl qoymayıb. BMT baş katibi kimi o, bütün hüquqi, diplomatik və humanitar hədləri aşıb. Buna görə də Fələstin xalqından üzr istəməlidir".
Xatırladaq ki, yanvarın 27-də "İsrail Radio"suna müsahibə verən A.Quterreş bildirilir ki, "əl-Əqsa məscidinin yerləşdiyi ərazidə qədim Roma dönəmində yəhudi məbədi olub".
BMT-nin yeni baş katibi Qüdsün üç monoteist dinin mərkəzi olduğuna heç bir şübhə olmadığını, həmçinin Ərəb-İsrail münaqişəsinin iki dövlətli həllinə inandığını deyib.
Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin üzvü Əhməd Macdalani A.Quterreşin açıqlamasını belə dəyərləndirib: "İşğal olunmuş ərazilərin xalqlarına dəstək verməli orqan kimi BMT-nin etibarı sarsılıb". O, fikrinin davamında əlavə edib: "Deyəsən, BMT baş katibinin öz ixtisas mədəniyyəti və biliyi çatışmır".