Hazırda təxminən 127 milyon nəfərin yaşadığı Yaponiyada əhalinin sayı 2053-cü ilə qədər 100 milyon nəfərədək azalacaq.
Bunu ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Əhali və Sosial Sığorta Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutu bildirib.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, institut bununla bağlı beş ildən bir tədqiqat aparır. Əvvəlki tədqiqatın nəticələri ilə müqayisədə əhalinin azalması prosesi müəyyən qədər zəifləyib. Əvvəllər 100 milyon nəfərdən aşağı göstəricinin 2048-ci ildə qeydə alınacağı deyilirdi. Azalma tempinin zəifləməsinə gənclər arasında nikaha və uşaqlara müsbət tendensiyanın artması səbəb olub.
Eyni zamanda, bu proqnozları təsəlliverici saymaq tezdir: artıq 2065-ci ilədək Yaponiya əhalisinin sayının 88 milyon nəfərə enəcəyi gözlənilir.