ABŞ Prezidenti Donald Tramp ABŞ-ın onuncu dairəsinin apellyasiya məhkəməsinin hakimi Nil Qorsaçın ölkə Ali Məhkəməsinin tərkibinə daxil edilməsi üçün yanvarın 31-də onun namizədliyini irəli sürüb.
Qorsaç 1988-ci ildə Kolumbiya Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi, 1991-ci ildə Harvard Hüquq Məktəbində ədliyyə doktoru elmi dərəcəsi, 2004-cü ildə isə Oksford Universiteti yanında Universitet Kollecində fəlsəfə doktoru dərəcəsi alıb.
Hazırda Denver onuncu ştatının onuncu federal dairəsinin apellyasiya məhkəməsinin hakimi vəzifəsində işləyən Qorsaç özünün ifrat mühafizəkar baxışları ilə məşhurdur.
2016-cı ilin fevralında ABŞ Ali Məhkəməsinin 9 hakimindən biri olan Antonin Skaliya vəfat edəndən sonra həmin yer boş qalıb, çünki ABŞ Senatındakı respublikaçılar Prezident Obama tərəfindən irəli sürülmüş namizədlik barədə dinləmələr aparmaqdan imtina ediblər. Skaliyanın ölümündən sonra Ali Məhkəmənin tərkibində 4 liberal və 4 mühafizəkar hakim qalıb. Tramp 49 yaşlı Qorsaçın namizədliyini irəli sürməklə bu vakansiyanı doldurur və eyni zamanda, mühafizəkar fraksiyanın xeyrinə üstünlük yaradır.
Amerikada hakim vəzifəsi ömürlükdür. Uzun illərdir ki, hakimlər bu ölkənin həyatında çox mühüm rol oynayır, çünki onlar müstəsna əhəmiyyətli siyasi məsələlərə dair qərarlar qəbul edirlər. Hakimlər silah gəzdirmək hüququ, ölüm cəzası, abort, dini etiqad azadlığı, prezidentin səlahiyyətləri, habelə amerikalıları narahat edən və onların arasına ayrılıq salan başqa məsələlərlə məşğul olurlar.
Nil Qorsaç son 25 ildə bu vəzifəyə namizədliyi irəli sürülmüş ən gənc hakimdir.
Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə, xüsusən Trampın seçkilərdə qələbəsindən sonra silah gəzdirmək, abortlara icazə verilməsi, habelə son həftə ərzində Prezident Trampın fərmanlarının qanuniliyi və Konstitusiyaya uyğunluğu barədə diskussiyalar sərtləşib. Buna görə də Senatda qüvvələrin mühafizəkarların xeyrinə paylanması respublikaçılar və Prezident Tramp üçün məqbul qərarlar qəbul olunmasına kömək edər(azərtac).