Prezident Donald Tramp Senatdakı respublikaçılara deyib ki, əgər demokratlar onun Ali Məhkəmə hakimliyinə namizədi Neil Qorsuşun təsdiq edilməsinə qarşı çıxsalar “nüvə variantına” əl atsınlar.
“Nüvə variantı” Senatdakı səsvermə qaydalarının dəyişdiriləməsi və səsvermənin adi çoxluq üsuluna keçirilməsidir. Bu zaman dinləməni boykot edən demokratların səslərinə ehtiyac qalmır.
Reuters agentliyinin verdiyi xəbərə görə Qorsuş və vitse-prezident Mayk Pens artıq məsləhətləşmələr üçün Senat çoxluğunun lideri Mit Makkonnellə görüşüblər.
Trampın partiyadaşları hazırda Senatda 52-48 çoxluğuna malikdirlər. Demokratlar bildiriblər ki, Trampın namizədinə ölkənin ən yüksək məhkəməsinə hakim təsdiq oluna bilməməsi üçün maneə yaratmaq məqsədilə “filibuster” (vaxtı uzadan) deyilən prosedura əl atacaqlar. Bu halda namizədin təsdiqi üçün adi çoxluq yox, 60 səsin leyhinə olması lazım gələcək. ABŞ qanunlarına görə Ali Məhkəmənin hakimləri mütləq Senatda təsdiq olunmalıdırlar.
Əgər təsdiq edilərsə, Qorsuş Ali Məhkəmə heyətində mühafizəkarların onilliklərdir ki, davam edən çoxluğunu bərpa edəcək. (Azadlıq radiosu)