“Macarıstan Avropa İttifaqının o ölkələrindəndir ki, Rusiya lideri orada özünü rahat hiss edir. Fevralın 2-də baş tutmuş səfər bunu bir daha nümayiş etdirdi. Səfər müddətində kəskin mövzulara toxunulmadı”.
Macarıstan KİV-ləri bu həftə baş tutmuş Rusiya-Macarıstan sammitinin yekunlarını belə qiymətləndirirlər.
İqtisadi sahədə Rusiya-Macarıstan əməkdaşlığının aktual mövzuları siyahısı o qədər də geniş deyil. Buraya “Pakş” atom elektrik stansiyasının tikintisi, Rusiyadan Macarıstana neft və qaz nəql edilməsi, nəhayət RF ilə Aİ arasında qarşılıqlı sanksiyalar məsələləri daxildir. Bu sanksiyalar macar məhsullarının (ilk növbədə kənd təsərrüfatı məhsullarının) Rusiya bazarına çıxarılmasına mane olur.
Maraqlıdır ki, Putin “Moskvanın “Rosatom” tərəfindən iki yeni reaktorun tikilməsini tamamilə maliyyələşdirməyə hazır olduğunu” bəyan etdiyi halda Macarıstanın Baş naziri kredit barədə söhbət olmadığını deyib. Macarıstan tərəfi sanksiyaların əleyhinə olduğunu gizlətmir, lakin bu məsələdə özünün Avropa İttifaqı üzrə tərəfdaşlarına qarşı çıxmağa hazırlaşmır.
Macarıstanın indiki Baş naziri Kreml üçün müttəfiqdir. Lakin o, sanksiyalara qarşı təkbaşına “döyüşməyəcəyini” gizlətmir və açıq-aşkar gözləyir ki, Aİ daxilində Avropanın iri iqtisadiyyatlarından biri, məsələn, Fransa və ya heç olmasa İtaliya başda olmaqla böyük rusiyapərəst koalisiya formalaşsın. Bax, onda Budapeşt sanksiyaların əleyhinə səs verəcək.
Hələlik isə Orban, əgər imkan olsa, Rusiyanın “Şimal axını-2” kəmərinə, ya da “Türkiyə axını” layihəsinə qoşulmağı vəd etməklə kifayətlənir. Putin də öz növbəsində, Rusiyanın macarları neftsiz və qazsız qoymayacağını vəd edib.
KİV-lər yazırlar ki, “böyük prezident səfəri bu nəticələr üçün azdır”. Lakin nəzərə almaq lazımdır ki, siyasətçilərin məqsədi Budapeştdə keçirilən mətbuat konfransından başqa “müştərilərə” ünvanlanmış bəyanatlar üçün istifadə etmək idi. Ekspertlərin fikrincə, Moskvanın ismarıcı ondan ibarətdir ki, Slovakiya, Çexiya, elə həmin Macarıstan və regiondakı digər ölkələr bircə anda Rusiya qazından məhrum olmaqdan qorxmamalıdırlar. Əvəzində onlar “Şimal axını-2” kəmərinin tikintisi üçün lobbiçilikdə Moskvaya kömək etməlidirlər.
“Alman dalğası” yazır: “Putinin Budapeştə səfərinin başlıca məqsədi, yəqin ki, Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələrinə təsir göstərmək yolları axtarmaqdır. Avropada heç də ən nüfuzlu siyasətçi olmayan Viktor Orban Kremlin region barədə ideyalarının retranslyatoruna çevrilə bilər”. / Azərtac