“…hamı adımı eşidəcək, məni yadda saxlayacaq”
Fransada qəzaya uğramış A320 aerobusunun ikinci pilotunun keçmiş rəfiqəsi bildirib ki, Andreas Lubits sistemi dəyişməklə tarixə düşmək istəyib.
Xarici KİV yazır ki, Andreasın keçmiş rəfiqəsi 26 yaşlı Mariya (ad şərtidir – red.)məlumat verib ki, o, tarixə düşməkdən ötrü effektli jest etməyi planlaşdırırdı: “Mən qəza barədə eşidəndə onun bir dəfə dedikləri beynimdə təkrar-təkrar səsləndi: bir dəfə elə bir şey edəcəyəm ki, sistemi dəyişəcəyəm və hamı adımı eşidəcək, məni yadda saxlayacaq”.
Qızın sözlərinə görə, Andreas Lubits qapalı adam idi və sirr saxlamağı bacarırdı.
The Telegraph yazır ki, qəzadan bir az əvvəl təyyarəçi sevgilisindən ayrılıb, sonra sevgilisinə “Audi” avtomobili alaraq onu qaytarmağa cəhd edib.
Sonradan məlum olub ki, ikinci pilot sağlamlığı ilə bağlı problemlərini Lufthansa şirkətindən gizlədib. Onun evində faciə günü xəstəliyinə görə məzuniyyət barədə cırılmış arayış və “tibbi məzmunlu digər sənədlər” aşkarlanıb.
Martın 24-də Barselona-Düsseldorf reysi ilə uçan Airbus A320 sərnişin təyyarəsi Fransanın güneyində qəzaya uğrayıb. 150 nəfər faciənin qurbanı olub. İstintaqın versiyasına görə, hava gəmisinin komandiri tualetə gedərkən 28 yaşlı Lubits kabinənin qapısını arxadan bağlayıb və təyyarəni dağ yamacına yönəldib. Andreasın həmkarı qapını qırıb qəzanın qabağını almağa cəhd etsə də, buna nal ola bilməyib.