XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 11:54

Tramp NATO sammitində iştirak etməyə razılıq verdi –ABŞ prezidenti Alyansdan nə tələb edir?

tramp nato

ABŞ prezidenti Donald Tramp NATO liderlərinin mayda keçiriləcək toplantısına qatılmağa razılıq verib.

Ağ evin yaydığı məlumatda deyilir ki, prezident bu barədə qurumun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

Strateq.az "Azadlıq Radiosu"na istinadla bildirir ki, "Reuters"in baş məqaləsi bundan bəhs edir.

MALİYYƏ MƏSƏLƏSİNƏ DƏ TOXUNUBLAR

Seçki kampaniyası zamanı D.Tramp NATO-nu "lazımsız, köhnəlmiş" qurum adlandırmış, üzv ölkələrin təşkilata daha çox pul ayırmasına, ABŞ-ın yükünün azaldılmasına çalışacağına söz vermişdi. Onun çıxışları həm öz partiyadaşlarını – respublikaçıları, həm də demokratları, eyni zamanda Avropa liderlərini narahat etmişdi. Qərb alyansa düşmən olan Rusiya prezidenti Vladimir Putinnin durumdan yararlanacağından qorxurdu.

Ağ evin bəyanatında prezidentin NATO katibiylə söhbətində maliyyə məsələsinə toxunduğu vurğulanır. D.Tramp və Y.Stoltenberq alyans ölkələrinin maliyyə öhdəliklərinə əməl etməsini təmin etməyin yollarını götür-qoy ediblər.

ABŞ prezidentiylə NATO rəhbəri telefon söhbəti zamanı Ukraynadan da danışıblar.

Keçən həftə Ukraynanın şərqində Rusiyaya arxalanan separatçılarla ordu arasında döyüşlər qızışıb, nəticədə 40-a qədər adam ölüb. Ağ evin məlumatında prezidentin Ukraynadakı münaqişənin potensial həlli yollarını müzakirə etdiyi bildirilir.

Prezidentin Ukraynayla bağlı mövqeyi də narahatlıq doğururdu, çünki seçki kampaniyası zamanı D.Tramp bu məsələdə də sələflərindən fərqli fikirdə olduğunu söyləmişdi.

RUSİYA İLƏ MÜNASİBƏTLƏRİ İSİTMƏK

"Reuters" eyni zamanda, D.Trampın Rusiya ilə münasibətləri isitməkdən ötrü ölkəsində "ocaq yandırdığını" yazır. Bazar günü "Fox" kanalına müsahibəsində D.Tramp V.Putinə hörmət etdiyini söyləyib. Aparıcının "Putin qatildir" replikasına cavabında isə D.Tramp V.Putini az qala, müdafiə edib: "Qatil bizdə də çoxdur. Sizcə, bizim ölkəmizin günahı yoxdur" – sualı verən prezident İraqda 2003-cü ildə başlanan müharibəni xatırladıb.

D.Trampın Rusiyaya sanksiyaları aradan qaldırmaq məsələsini götür-qoy etməsi ABŞ siyasətçilərini əndişələndirib. Senator Marko Rubio (keçən il prezidentlik uğrunda ilkin yarışlarda D.Trampa uduzmuş respublikaçı) "Twitter" hesabında bunun böyük səhv ola biləcəyini yazıb: "Sanksiyalar yalnız Putin həmin sanksiyalarla bağlı tələbləri yerinə yetirdiyi, Ukraynaya müdaxiləyə son qoyduğu halda ləğv edilə bilər".

Senatdakı respublikaçı çoxluğun lideri Mit Makkonnell isə CNN-ə müsahibəsində D.Trampın dediyi hər sözü tənqid etmək fikrində olmadığını, amma Rusiyaya gəldikdə, məsələyə fərqli yanaşdığını söyləyib.