XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 12:41

Trampın müsəlmanlara qarşı fərmanı:məhkəmə dinləməsi başladı

San-Fransisko apellyasiya məhkəməsi Vaşinqton ştatının Sietl şəhərinin federal hakiminin növbəti 90 gün ərzində yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəmən) olan bütün immiqrantların və müsafirlərin ABŞ-a gəlməsinin müvəqqəti qadağan edilməsi barədə Prezident Donald Trampın fərmanının qüvvəsinin dayandırılmasına dair qərarı ilə əlaqədar Tramp administrasiyasının şikayəti üzrə dinləmə keçirib.

Xatırladaq ki, Sietl şəhərinin federal hakiminin qərarına əsasən, yuxarıda adları çəkilən yeddi müsəlman ölkəsindən olan müsafirlərə əvvəlcə verilmiş, lakin Prezident Tramp ölkəyə gəlmənin qadağan edilməsi barədə fərman verəndən sonra ləğv edilmiş vizalar bərpa olunub. Buna görə həmin vizaların sahibləri ABŞ-a gələ bilirdilər və indi də gələ bilərlər.

Fevralın 7-də apellyasiya şikayətinə baxılması gedişində Tramp administrasiyasının mənafelərini təmsil edən vəkil bildirib ki, prezident Donald Trampın bu fərmanı milli təhlükəsizliyin təmin edilməsi və Amerika vətəndaşlarının müdafiəsi məqsədi ilə imzalanıb, həmin fərmanın qüvvəsinin şamil edildiyi yeddi müsəlman ölkəsindən olan insanlar isə ABŞ üçün təhlükə mənbəyi ola bilər.

Vaşinqton ştatını təmsil edən vəkil isə qeyd edib ki, viza almış şəxslər heç bir hüquq pozuntusu törətməyiblər və federal hökumətin əlində həmin şəxslərə qarşı heç bir dəlil yoxdur. Vəkil daha sonra deyib ki, bu fərman ayrı-seçkiliyə gətirib çıxarır. Apellyasiya məhkəməsi hər iki tərəfi dinləyib və bu həftə qərar çıxaracaq. Çox ehtimal ki, apellyasiya məhkəməsinin qəbul edəcəyi qərardan asılı olmayaraq uduzmuş tərəf ABŞ Ali Məhkəməsinə apellyasiya iddiası ilə müraciət edəcək(azərtac).