XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 14:04

Kim Çenin qardaşının zəhərlənərək öldürüldüyüehtimal edilir

Şimali Koreya lideri Kım Çen Inın qardaşı Kim Çen Namın zəhərləndiyi maddə sianiddən daha təsirli olub. Bu barədə Honkonqun “Dunfan” portalı məlumat yayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, fevralın 13-də Malayziyanın hava limanında KXDR liderinin qardaşı Kim Çen Nama sui-qəsd edilib. Müxtəlif versiyalara görə, ona zəhərli iynə sancılıb, yaxud üzərinə toksik maye çilənib və ya xüsusi maddə hopdurulmuş tampon atılıb.

Polis, həmçinin “xüsusi qadın agentlərin” sui-qəsd zamanı istifadə etdikləri zəhərli maddənin sianiddən daha təsirli olduğunu təsdiqləyib”.

Təhqiqatçılar Kim Çen Namın cinayət yerindən taksi ilə qaçmağa nail olan iki qadın tərəfindən zəhərləndiyini bildirirlər. Cənubi Koreya kəşfiyyatı cinayətkarların hələ ki, Malayziyada olduğunu, Yaponiyalı mütəxəssislər şübhəlilərin öldürülərək aradan götürüldüyünü güman edir. ABŞ isə Kim Çen Namın Şimali Koreyanın xüsusi xidmət orqanlarının əli ilə qətlə yetirildiyinə əmindir.

Bu gün Malayziyanın paytaxtı Kuala-Lumpurda mərhumun cəsədinin yarılması və ölüm səbəbinin müəyyən olunması planlaşdırılır.

Bir qədər əvvəl, Selanqor ştatının kriminal təhqiqatlar bölməsinin rəhbəri Fədzi Əhməd Malayziyanın “The Star” qəzetinə müsahibəsində Kim Çen Namın başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət etdiyini deyib. “O, kiminsə arxadan yaxınlaşaraq üzərinə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən Namın başağrısı şiddətlənib və o, xəstəxanaya aparılarkən yolda keçinib”, – deyə Fədzi Əhməd əlavə edib.

Kim Çen Nam KXDR-nın keçmiş lideri Kim Çen İrin aktrisa Son Xe Rimdən olan oğludur. Bir vaxtlar o, Kim Çen İrin mümkün varisi hesab edilsə də, 2001-ci ildə saxta sənədlə Yaponiyaya keçmək istəyərkən baş verən insidentdən sonra atasının qəzəbinə tuş gəlib. Bundan sonra ali dövlət postuna varislikdən məhrum olunan Kim Çen Nam vətənini tərk edərək Makao şəhərinə köçüb və burada bizneslə məşğul olmağa başlayıb.