Malta Maliyyə Nazirliyi ilə “Fintrax Group” adlanan ticarət əməliyyatçısı arasında saziş imzalanandan sonra ölkədə alınmış mallar üçün turistlərdən tutulan əlavə dəyər vergisinin qaytarılmasına tətbiq edilən prosedurlar sadələşdirilib.
“Vergiler.az” saytına istinadla xəbər verir ki, sazişə əsasən, əməliyyatçı Maltanın beynəlxalq hava limanında “Premier Tax Free” brendi altında ofis təşkil edəcək.
İndiyədək Malta hökumətinin tələblərinə uyğun olaraq, əlavə dəyər vergisinin qaytarılması prosesinə böyük miqyasda bürokratiya əngəlləri daxil idi – bu əngəlləri aşıb məlumatları emal etmək bəzən yarım ilə qədər uzanırdı.
Ölkənin maliyyə naziri Edvard Şiklun deyib ki, imzalanan saziş sayəsində hökumət topdansatış məntəqələrində biznesə əlverişli şərait yaratmağa çalışır və əvvəlki kimi bürokratik əngəlləri aradan qaldırmaqda qəti səy göstərmək əzmindədir.