Prezident seçkiləri ərəfəsində İranda fəaliyyət göstərən siyasi qüvvələrin fəallığı müşahidə edilir.
İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyasının (İİQXCP) nümayəndəsi, keçmiş səhiyyə naziri xanım Mərziyyə Vahid Dostcerdi bəyan edib ki, təmsil olunduğu partiya prezident seçkilərinə ciddi hazırlıq işləri aparır.
Həsən Ruhani hökumətini tənqid edən xanım siyasətçi bildirib ki, İran xalqı daha yaxşı hökumətə layiqdir və biz xalqın etimadını doğrultmağa hazırıq. M.V.Dostcerdi partiyanın prezident seçkilərinə vahid namizədlə qatılacağını nəzərə çatdırıb.
Qeyd edək ki, İİQXCP İran siyasi elitasının mühafizəkar qanadını təmsil edir. Bu partiyaya İranda böyük nüfuza malik və höcətülislam dini titul sahibi olan Məhəmməd Hüseyn Rəhimian rəhbərlik edir. Partiya öz ətrafında Yəhya Eşqak, Mehdi Çəmran, Həmid Rza Babayi, Mahmud Xosrov Vəfa, Nadir Talıbzadə kimi nüfuzlu şəxsləri birləşdirir.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli rəsmi şəkildə açıqlama verərək bildirib ki, Həsən Ruhani cari ili ordubeheşt (may) ayında seçkilərinə ikinci dəfə də qatılacaq. Lakin yuxarıda qeyd etdiyimiz seçki ərəfəsində formalaşan bəzi yeni siyasi qüvvələrin ambisiyalı çıxışları H.Ruhaninin ikinci müddətə seçilməsini çətinləşdirir.
Birinci prezidentlik müddətinin ilk illərində yüksək reytinqə malik olan H.Ruhaninin siyasi nüfuzu bu gün bir qədər zəifləyib. Bunun əsas səbəbi ölkədəki sosial-iqtisadi vəziyyətlə əlaqədardır. İran büdcəsinin 60 faizini neft gəlirləri təşkil edir. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi büdcə gəlirlərinə və əhalinin sosial vəziyyətinə mənfi təsir edib ki, bundan istifadə etməyə çalışan mühafizəkarlar hakimiyyəti öz əllərinə almağa çalışırlar.
İranın siyasi elitasının mühafizəkar siyasi qanadı hesab edir ki, H.Ruhaninin islahatları heç bir fayda verməyib. Əvvəla sanksiyalar tam olaraq aradan qaldırılmayıb. Onların fikrincə İran üçün daim təhlükə olan ABŞ-a etibar etmək olmaz. Çünki bu dövlət İranın regiondakı siyasi proseslərə təsir etmək imkanını məhdudlaşdırmaq istəyir. Hələ danışıqlar başlamazdan əvvəl onun əleyhinə çıxan mühafizəkarların fikri özünü onda doğrultdu ki, ötən ilin noyabrında ABŞ Konqresi bir sıra sanksiyaların qüvvədə qalmasına və istənilən vaxt Birgə Fəaliyyət Planından imtina etmək hüququnun özündə saxlaması haqqında qanun qəbul edərək prezidentə təqdim etdi. ABŞ prezidenti bu qanunu imzalamasa da daxili qaydalarına görə qanun avtomatik olaraq qüvvəyə mindi. Bu fakt H.Ruhaninin parlamentdəki mühafizəkarlar tərəfindən kəskin tənqidinə səbəb oldu. Yeni prezident Donald Trampın da kəskin çıxışları nüvə razılaşmasını şübhə altına salır.
İran siyasətində ölkənin Ali Rəhbərinin sözü və siyasi çəkisi əvəzolunmazdır. Ali Rəhbər vaxtı ilə nüvə proqramına aid Qərb dövlətləri ilə danışıqlara başlamağa icazə versə də, heç bir halda ABŞ-a inanmadığını bildirmişdi. Zaman Ayətullah Əli Xamneyinin haqlı olduğunu göstərdi ki, bu da H.Ruhaninin mövqeyinə ciddi zərbə kimi qiymətləndirilir. Onu da nəzərə çatdıraq ki, H.Ruhanini dəstəkləyən nüfuzlu siyasi və din xadimi Haşimi Rəfsəncaninin vəfatı da onu dəstəkdən məhrum etdi.
Lakin bütün bunlara baxmayaraq H.Ruhani hökumətinin ciddi uğurları da olub.
Tehran Universitetinin professoru Sadiq Zəbakəlam qeyd edir ki, H.Ruhaninin siyasi nüfuzunun aşağı düşməsinə baxmayaraq, onun ikinci dəfə seçilmək şansı çoxdur. Belə ki, 2015-ci ilin əvvəllərində Qərb dövlətləri ilə əldə edilən “nüvə anlaşması” və Ruhaninin İranı dünyaya inteqrasiya etmək istəyi rəğbətlə qarşılanıb. Əgər sanksiyalar dövründə İranın neft ixracı 7 milyon bareldən 1,3 milyon barelə enmişdisə, sanksiyaların ləğvindən sonra neft ixracı 2 dəfə artdı. İranın ümumi daxili məhsul istehsalı 2014-cü ildə 3 faiz artdı ki, bu da 2013-cü ildə prezident seçilən H.Ruhaninin islahatlarının nəticəsi idi. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2017-ci ilə İranda ÜDM-in 4 faiz artımı gözlənilir. Eyni zamanda, 2013-2017-ci illər ərzində inflyasiya 36 faizdən 18 faizə enib. İnqilabdan sonra ilk dəfə olaraq 2016-cı ilin sentyabrında ABŞ “Boing” və “Airbus” şirkətlərinə İrana təyyarə satmağa icazə verdi və cari ilin yanvarında ilk “Airbus” təyyarəsi Tehrana gətirildi.
Bütün bunlarla yanaşı H.Ruhani hökuməti iqtisadiyyatın şaxələndirilməsini, özəlləşdirməni davam etdirir. Sanksiyalardan sonra ölkəyə sərmayə yatırmaq istəyən Qərb şirkətləri də hərəkətə başlayıblar. Onlar İranın iqtisadi mühitini, qanunlarını öyrənirlər. Artıq İtaliya, Fransa, İsveç, Norveç şirkətləri sərmayə yatırımına qərar veriblər. Təbii ki, sərmayə yatırımı birdən-birə nəticə vermir. İran böyük bazardır və buraya yatırılan sərmayə tədricən nəticə verəcək.
Mayın 19-da keçiriləcək prezident seçkilərində H.Ruhaniyə rəqib olacaq bir sıra siyasətçilərin, o cümlədən parlamentin sədri Əli Laricaninin, xarici işlər naziri Məhəmməd Cavad Zərifin, general Qasim Süleymaninin, eks-prezident Mahmud Əhmədinejadın namizədliklərini irəli sürməyəcəklərini bəyan etmələri H.Ruhaninin ikinci müddətə seçilmək şansını artırıb. İranın indiki Prezidentinin yenidən seçilməsini şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, 2016-cı ilin parlament seçkilərində H.Ruhaninin tərəfdarları qalib gəliblər. H.Ruhaninin parlamentə seçilən tərəfdarları təmsil etdikləri bölgələrdə onun prezident seçilməsinə çalışacaqları şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, İİQXCP ilə yanaşı, İslam Koalisiyası Partiyasının (İKP) Baş katibi Nəbi Həmima da ciddi bəyanatla çıxış edərək onunla həmfikir siyasi qüvvələri birləşdirib namizədliyini irəli sürəcəyini bildirib. İİQXCP ardınca İKP-nin də iddialı çıxışı onu göstərir ki, mühafizəkarlar artıq vahid cəbhədən çıxış etməyəcəklər ki, bu da H.Ruhaninin xeyrinədir.
Bundan başqa, H.Ruhaninin yenidən prezident seçilə biləcəyini şərtləndirən digər amillər də var. Birincisi və ən əsası odur ki, Ali Lider Əli Xamneyi Həsən Ruhaninin ikinci dəfə prezident seçilməsinə etiraz etmir. Onların arasında İranın daxili və xarici siyasət strategiyasına dair ciddi fikir ayrılığı yoxdur. Hazırkı prezidentin aktiv xarici siyasəti və İranın dünyaya inteqrasiya olunmasına çalışması siyasi qruplar və xalq arasında ona böyük nüfuz qazandırıb.
İranın yeni siyasi tarixində, 1981-ci ildə vəzifəsindən kənarlaşdırılan birinci prezident Əbülhəsən Bənisədr və elə həmin il qətlə yetirilən Məhəmməd Əli Rəcai istisna olmaqla, bütün digər prezidentlər ikinci müddətə də seçiliblər. Eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad iki müddət prezident olublar. Bu, artıq İranın siyasi praktikasında formalaşmış ənənədir. /Azərtac