İngiltərənin "The Telegraph" nəşri Rusiyanın keçən il keçirilən seçkilər günü Çernoqoriya (Monteneqro) baş nazirinə sui-qəsd planlaşdırdığını iddia edib.
Strateq.az xəbər verir ki, 2016-ci il oktyabrın 16-ı Milo Cukanoviçə qarşı terror aktı cəhdinin səbəbi bu ölkənin NATO-ya qoşulmaq istəyinin qarşısını almaq olub.
Sui-qəsdin üstü açılıb və ikisi Rusiya vətəndaşı olmaqla, 20 nəfər həbs olunub. Eduard Şirokov və Vladimir Popov olmaqla, daha iki rusiyalı hazırda İnterpol xətti ilə axtarışdadır.
Çernoqoriyanın müdafiə naziri Predraq Boşkoviç bildirib ki, sui-qəsdin hazırlanmasında Rusiyanın iştirakı danılmazdır.
Cinayətdə şübhəli bilinən Nemanya Ristiç adlı şəxs bu yaxınlarda Rusiya XİN-in rəhbəri S.Lavrovla yanaşı duraraq foto çəkdirib.
"The Telegraph"ın iddiasına görə, ötən həftə Böyük Britaniyanın xarici işlər naziri Boris Conson və ABŞ-ın dövlət katibi Reks Tillerson bu məsələni müzakirə ediblər.
Kreml bu iddianı təkzib edir.