Yaponiyanın müdafiə naziri xanım Tomomi İnada fevralın 24-də bəyan edib ki, o, rusiyalı həmkarı ilə martda baş tutacaq görüşü zamanı Kuril adalarına hərbi diviziyaların yerləşdirilməsi planı ilə bağlı birbaşa müzakirələr aparacaq.
T.İnadanın sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “İmkan daxilində bir çox məsələləri müzakirə etmək üçün mən cənab Şoyqu ilə açıq söhbət aparacağam”.
Xəbər verdiyimiz kimi, martın 20-də Tokioda Yaponiya və Rusiyanın müdafiə və xarici işlər nazirlərinin “2+2” formatında danışıqlarının keçiriləcəyi gözlənilir.
Bu yaxınlarda Rusiyanın müdafiə naziri Serqey Şoyqu Dövlət Dumasında çıxışı zamanı Kuril adalarında hərbi diviziyaların yerləşdirilməsi planı barədə bəyanat verib. Həmin adalardan dördünə Yaponiya iddia edir və onların Tokioya qaytarılmasını istəyir.
Yaponiya Kuril adalarında hərbi diviziyaların yerləşdirilməsi planı ilə əlaqədar Rusiya tərəfinə etirazını bildirib.
S.Şoyqunun bəyanatını şərh edən T.İnada bildirib ki, bu, Yaponiyanın “əzəli torpaqları” barədə mövqeyi ilə ziddiyyət təşkil edir. Müdafiə nazirinin sözlərinə görə, hazırda nazirlərin “2+2” formatında görüşü razılaşdırma mərhələsindədir. Həmin görüşdə T.İnada və S.Şoyqu ilə yanaşı, iki ölkənin xarici işlər nazirləri Fumio Kişida və Serqey Lavrov da iştirak edəcəklər.