XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 12:43

Yaponiyada sülh uğrunda mübarizə günüqeyd edilir

Martın 1-də Yaponiyada sülh uğrunda mübarizə – “Bikini günü” qeyd edilir.

1954-cü ilin həmin günü ABŞ Marşal adaları qrupuna daxil olan Bikini mərcan adasında hidrogen silahını sınaqdan keçirib. Bir neçə yapon balıqçı qayığı , o cümlədən “Fukuryu maru” balıqçı gəmisi həmin nüvə sınağının təsadüfi qurbanı oldu. Gəminin radisti Aikiçi Koboyama bir neçə ay sonra, 40 yaşında nüvə xəstəliyindən vəfat etdi. Onunla birlikdə gəmidə olan daha 11 yoldaşı da tezliklə dünyasını dəyişdi.

ABŞ tərəfindən Bikini mərcan adalarında həyata keçirilən hidrogen sınağının qlobal nəticələri oldu. Bu barədə rəylə ABŞ Energetika Nazirliyinin sonradan məxfilikdən çıxarılan sənədlərini öyrənən Hiroşima Sülh İnstitutu çıxış etmişdi. Partlayışdan sonra havaya qalxan radioaktiv kül dörd ay ərzində dünyanın 122 meteoroloji stansiyası tərəfindən qeydə alınmışdı.

Sınaqdan sonra yaranan bulud bütün Sakit okeanı əhatə edərək, Şərqi Asiya, Avstraliya, Şimali Amerika, Karib dənizi və Cənubi Amerikanın şimal sahillərinə qədər ərazini əhatə etmişdi. Hətta Afrika üzərindəki atmosferdə də radioaktiv maddələr aşkar edilmişdi.

Yapon alimlərinin qənaətinə görə, Bikini mərcan adalarındakı nüvə sınağı bütün planetin ekologiyasına mənfi təsir göstərmişdi.

ABŞ 1946-cı ildən 1958-ci ilədək Bikini mərcan adasından poliqon kimi istifadə edərək burada 67 nüvə sınağı həyat keçirmişdi. Həmin sınaqlar nəticəsində yaranan müxtəlif xəstəliklər səbəbindən arxipelaqın 840 nəfər sakini həlak olmuşdu.

ABŞ 1968-ci ildə bu ərazini yaşayış üçün yararlı hesab etmiş və yerli əhali evlərinə dönməyə başlamışdı. Lakin sakinlər tezliklə yenidən təxliyə olunmuşdular. 1997-ci ildə Beynəlxalq Atom Agentliyi (MAQATE) yenidən mərcan adalarında yaşayışın təhlükəli olmadığını bildirmişdi. Bununla yanaşı, həmin ərazidəki məhsullarda yüksək radioaktivlik qeydə alındığına görə, Bikini yaşayış üçün yararsız elan edilmişdi.

Hazırda ABŞ Energetika Nazirliyi Bikini mərcan adalarında ətraf mühitin monitorinqini davam etdirir.

1954-cü ildə Məşhur ingilis alimi, riyaziyyatçı və filosof Bertran Rassel bu mərcan adalarında termonüvə silahının sınaqlarının keçirilməsinə qarşı çıxış edir.

Bunun ardınca 1955-ci ildə Nobel mükafatları laureatları Bertran Rassel, Albert Eynşteyn, Frederik Jolio-Küri və digər alimlər hazırda Rassel-Eynşteyn Manifesti kimi tanınan bəyanatla çıxış edirlər. Həmin bəyanat 1957-ci ildə yaranan və 1995-ci ildə Nobel mükafatına layiq görülən Alimlərin Paquoş Hərəkatının meydana gəlməsinə səbəb olur.

Bikini mərcan adaları 2010-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edilib. /Azərtac