XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 19:51

Smartfonların 50 faizi “AMOLED” ekranlatəchiz ediləcək

2017-ci ildə dünyada buraxılan smartfonların 27 faizi “AMOLED” ekranla təchiz ediləcək, 2020-ci ilədək onların bazar payı 50 faizə çatacaq.

Azərtac “DailyComm” resursuna istinadən xəbər verir ki, hazırda smartfonlar üçün aparıcı “AMOLED” ekranlar istehsalçısı “Samsung Display” şirkətidir. Bu məhsulun əksər hissəsi törəmə “Samsung Electronics” şirkətinə göndərilir. Bildirilir ki, ötən il buraxılan “AMOLED” displeyə malik 350 milyon smartfonun əksər hissəsi “Samsung” şirkətinin payına düşüb. Bununla yanaşı, Çinin “Oppo” və “Vivo” istehsalçılarının birgə səyləri nəticəsində “AMOLED” panelli qurğuların ümumi sayının 20 faizi təmin edilib.

“AMOLED” displeyli modellər Çinin “Huawei”, “Xiaomi”, “Gionee”, “Meizu” kimi digər istehsalçılarının çeşidində də yer alıb. 2017-ci ildə bu siyahıya “Apple” şirkətinin də əlavə olunacağı gözlənilir. Belə ki, “iPhone” modelinin onilliyi münasibətilə şirkət tərəfindən qurğunun “AMOLED” ekranlı versiyasının təqdim ediləcəyi ehtimal olunur.

Bu il “AMOLED” tipli panellərin əksər hissəsini “Samsung Electronics” və “Apple” şirkətlərinin əldə etməsini nəzərə alaraq digər istehsalçılar bu komponentlərin çatışmazlığı ilə rastlaşacaq.

Buna baxmayaraq, “AMOLED” texnologiyasını tədricən çoxlu displey istehsalçıları mənimsəməyə başlayıb. “LG Display”, “Sharp” və “Japan Display” kimi şirkətlərlə yanaşı, bu tip ekranların buraxılışı ilə Çinin “EverDisplay Optronics”, “Tianma Micro-electronics” və “BOE Technology” istehsalçıları məşğuldur.

“AMOLED” ekranları mobil qurğular üçün ən perspektivli displey texnologiyalarından biri hesab olunur. Onların əsas üstünlüyü az enerji sərf etməsində, eləcə də maye-kristal panellərdən fərqli olaraq daha geniş rəng qammasına malik olmasındadır. Bundan əlavə, “AMOLED” displeylər nazikliyi ilə seçilir.