XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2017 - 14:23

ABŞ-da siyasi qalmaqallar:Tramp hədəf olaraq Barak Obamanı seçib

Obama Tramp

ABŞ prezidenti Donald Tramp son dövrlərdə yaxın çevrəsinin Rusiyanın xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri barədə gəzən informasiyalara görə keçmiş prezident Barak Obamanı günahlandırıb.

Tramp "Tvitter"də yazdığı son 6 mesajda birbaşa keçmiş prezidenti hakimiyyətdə olduğu dövrdə ABŞ xüsusi xidmət orqanlarına onun telefonlarını dinlətmək barədə əmr verməkdə günahlandırıb.

“Prezident Obama seçki dövründə mənim telefonlarımı dinlədəcək dərəcədə necə alçala bilərdi. Bu, əsl Nikson/Uotergeyt işidir. Pis (və ya xəstə) adam!”, – deyə D.Tramp Obamaya od püskürüb.

Obamanın nümayəndəsi isə deyilənləri təkzib edib. Sabiq prezidentin mətbuat katibi Kevin Lyuis nə onun, nə də Ağ Evin hər hansı nümayəndəsinin bununla bağlı göstəriş verdiyni bəyan edib.

Trampın yeni tvitləri Vaşinqtonda əsl skandala səbəb olub. Mətbuat prezidenti öz bəyanlarını sübut edəcək heç bir dəlil ortaya qoya bilməməkdə günahlandırır.

Qeyd edək ki, ABŞ-da telefonların dinlənməsi barədə order istənilən xüsusi xidmət orqanına ölkənin ədliyyə nazirliyi və ya gizli əməliyyatlarla bağlı işlərlə məşğul olan xüsusi xarici kəşfiyyat məhkəməsi tərəfindən verilir.

CNN-in xəbərinə görə, seçkiqabağı dövrdə FTB Trampın Rusiya hakimiyyəti ilə kontaktlarını araşdırdığı üçün belə bir dinləməyə icazə istəyə bilərdi.

"The New York Times" qəzetinin yazdığına əsasən, Trampın"Tvitter"də keçmiş prezidentə qarşı irəli sürdüyü ittihamlarına hər hansı fakt deyil, “Breitbart” xəbər portalında gedən bir məqalə səbəb olub. Qeyd olunur ki, “Breitbart” ABŞ ultrasağlarının əsas informasiya ruporu sayılır.

Saytın əməkdaşı, jurnalist Mark Levinə görə, Trampın yaxın adamlarının “ruslarla əlaqələrdə” ittiham olunmasının arxasında məhz Obama dayanır. Mətbuat bu cür xəbərin məhz “Breitbart”da çıxmasını heç də təsadüfi saymır. Çünki Ağ Evin indiki baş strateqi, D.Trampın seçki kampaniyasına rəhbərlik etmiş, qatı mühafizəkar, habelə irqçilikdə ittiham olunan Stiv Bennon “Breitbart”n keçmiş rəhbəridir.

ABŞ KİV-ləri Obama ilə Trampın arasının 2011-ci ildən gərgin olduğunu yazır. Həmin vaxt mühafizəkarlara yaxın "Fox News" kanalına müsahibə verən Donald Tramp Barak Obamanın ABŞ ərazisində dünyaya gəlmədiyni və buna görə də onun prezident ola bilməyəcəyini söyləmişdi. Obama buna cavab olaraq müxtəlif tədbirlərdə Trampla bağlı “xoş” düşüncələrini ifadə etmişdi. İki prezident arasında münasibətlər Donald Trampın prezident seçilməsindən sonra yumşalmağa başlayıb.

Seçkiqabağı dövrdə Obamanı heç kimin hörmət etmədiyi, zavallı siyasətçi, terrorizmə şərait yaradan prezident kimi təsvir edən Donald Tramp seçildikdən sonra onu “çox yaxşı insan” adlandırmış və hətta onun məsləhətlərindən yararlanmaq istədiyini bildirmişdi.

Obama isə “Əgər siz uğur qazansanız, bu, bütün ölkənin müvəffəqiyyəti olacaq”, – deyə qarşılıqlı komplimentlə cavab vermişdi.

Lakin görünür, iki əzəli rəqib yenidən əvvəlki künclərinə geri dönüblər. Qarşıda isə həm Trampı, həm də onun rəqiblərini daha gərgin raundlar gözləyir. /Müsavat.com