XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2015 - 08:09

“Ey ərəb liderləri, bir az da qəzzalıları vurun!”

“Ərəb ölkələrinin birləşmiş orduları Yəməndəki hərbi əməliyyatların bənzərini Qəzzada da həyata keçirməlidir”. Bu mövqe nə İsrailin Baş naziri Binyamin Netanyahuya aiddir, nə də onun ərəb qanına susamış Xarici İşlər naziri Aviqdor Libermana. Heç İsrail dostu kimi tanınan Misirin indiki prezidenti Sisi və ya Səudiyyənin indiki kralı Salman bin Ədbüləziz əl-Səud da bu sözləri deməzdi. İnanmayacaqsınız, ərəb dövlətlərini qəzzalıları bombalamağa səsləyən adam elə həmin vilayətin də rəhbəri sayılan Fələstin dövlət başçısı Mahmud Abbasdır.

Strateq.az-ın xarici mətbuata söykənərək verdiyi məlumata görə, Mahmud Abbas skandal yaradan fikirlərini bu gün Ərəb liqasının 26-cı sammitində səsləndirib. Yəmənə qarşı ümumərəb strategiyasının müzakirə olunduğu sammitdə hər kəs ondan yumşaldıcı mövqe gözlərkən, o isə, necə deyərlər, “baltanı lap kökündən vurub.” Fələstin lideri ərəb “padşah”larını Yəməndə göstərdikləri qərarlılığın eynisini Somali, Suriya, İraq, Liviya və ən nəhayət, Fələstin kimi daxili gərginliklərin hökm sürdüyü ölkələrdə də nümayiş etdirməyə çağırıb. Xüsusilə öz ölkəsində ciddi səs-küyə səbəb olan bu açıqlamasıyla Mahmud Abbasın “Fələstin” deyərkən Qəzzanı nəzərdə tutduğu aydındır.

Xatırladaq ki, illərlə İsrail təyyarələrinin bombardımanı altında can verməyə məhkum olan qəzzalılar bütün hümanist təşkilat və fərdlərin ürəyini parçalayır, hər kəs bu məzlum insanların imdadına tələsir. Amma onun rəhbəri İsrail basqısı azmış kimi, bir də ərəblərin özlərini eyni addımı atmağa səsləyir.

Nə deyəsən artıq? Bərəkallah, belə qanacağa!

Heydər Oğuz