XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

01 Aprel 2017 - 14:21

Sorğu:seçicilər arasında Fransua Fiyonun populyarlığı artır

Fransa prezidentliyinə “Respublikaçılar” partiyasının namizədi Fransua Fiyon reytinqin liderləri Emmanuel Makron və Marin Le Pen arasındakı fərqi azaldır. Bu, “BVA-Salesforce” xidmətinin apardığı ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həftə ərzində Fransua Fiyon mövqeyini iki bənd gücləndirib və seçicilərin 19 faizinin dəstəyini qazanıb. Bununla yanaşı, Fiyonun tərəfdarları arasında ilk turda məhz onun namizədliyinə səs verəcəyini bildirən fransızların sayı da 10 faiz artaraq 79 faizə çatıb. Fiyon son iki həftə ərzində öz mövqeyini ilk dəfədir ki, gücləndirə bilib. Əvvəllər buna saxta iş yerlərinin yaradılması barədə qalmaqal mane olurdu.

Reytinqə əvvəlki kimi “Marşda” hərəkatına başçılıq edən Emmanuel Makron və “Milli Cəbhə” partiyasının namizədi Marin Le Pen liderlik edirlər. Bununla yanaşı, Le Pen 81 faizinin ona səs verəcəyinə əmin olduğu ən güclü seçici qrupuna malikdir. Makronun bu göstəricisi isə 8 faiz artaraq 63 faizə çatıb.

“Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşona elektoratın dəstəyi 1 faiz artaraq 15 faiz olub. Fransa Sosialist Partiyasının rəsmi namizədi Benua Amonun reytinqi isə dəyişməyərək 11,5 faizdə qalıb. Tərəfdarlarının 1 faizini itirən “Qalx ayağa, Fransa” hərəkatının lideri Nikola Dyupon-Enyan ilk turda elektoratın yalnız 3 faizinin dəstəyinə ümid edə bilər.

Sorğu martın 29-30-da internet vasitəsi ilə 1418 nəfər arasında aparılıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.