XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 12:17

Həsən Ruhani prezidentliyini itirə bilərmi? –Marafona qüdrətli mühafizəkar ruhani xadimlərindən biri qoşuldu

"The Guardian" yazır ki, İranda daha bir qızğın prezident seçkisi gözlənilir, çünki yarışa ölkənin qüdrətli mühafizəkar ruhani xadimlərindən biri qoşulub.

Onun ölkənin mötədil prezidenti Həsən Ruhaniyə çox ciddi rəqib olacağı proqnozlaşdırılır.

Məqalədə deyilir ki, namizədlərin rəsmi qeydiyyatı çərşənbə axşamı başlanacaq, lakin ali rəhbər Əli Xamneyiyə yaxın olduğu deyilən Ebrahim Rəisi gözlənilmədən seçkiyə qatılacağını bəyan edib. O bu barədə verdiyi bəyanatda deyir ki, əvvəlcə prezident seçkisinə qoşulmağa çox da həvəsli olmayıb, lakin sonradan bunun onun "dini və inqilabi" borcu olduğu qənaətinə gəlib. Amma onun belə deməsinə baxmayaraq, Rəisinin hətta Xamneyiyə varis ola biləcəyi barədə söhbətlər artıq bir ildir ki, dövriyyə edir. Rəisinin prezidentliyə namizədlik verməsi İranda bir çox təhlilçiləri düşünməyə vadar edib. Belə bir fiqurun ikinci müddətə prezident seçilmək istəyən liberal Həsən Ruhaninin qabağına çıxarılması nə məna daşıyır?

Ruhaniyə qədər prezident olmuş dörd nəfər iki müddət üçün hakimiyyətdə olublar, lakin indi Rəisinin namizədliyi Ruhani üçün bu seçkinin heç də rahat olmayacağını göstərir. Bəzi başqa şayiələrə görə, Ruhaninin namizədliyinin təsdiqinə maneə yaradılacağı mümkündür.

Rəisinin bazar günü internetlə yaydığı bəyanatda deyilir ki, onun məqsədi İran iqtisadiyyatını xilas etməkdir.

Rəisi bildirir ki, İslam Respublikası dörd onillikdə böyük uğurlar qazansa da, idarəçilikdəki nöqsanlar və buna görə də işsizlik və biznesin inkişafına əngəllər kimi problemlər həllini tapmayıb.

Bu arada İranın keçmiş mühafizəkar prezidenti Mahmud Əhmədinejad özünün keçmiş müavini Həmid Bağeyinin namizədliyini dəstəklədiyini deyib. Halbuki 2015-ci ildə qeyri-müəyyən ittihamlarla həbs olunmuş Bağeyinin seçkiyə buraxılıb-buraxılmayacağı bilinmir. "The Guardian" yazır ki, islahatpərəstlərin yenə də hazırkı prezident Həsən Ruhaninin namizədliyini dəstəkləyəcəyi bəllidir. Hər hansı media ilə ünsiyyəti qadağan olunmuş keçmiş prezident Xatəmi belə bir dəstəyi artıq ifadə edib.

"The Guardian" qəzetinin yazıdığına görə, islahatpərəstlər hər ehtimala qarşı özlərinin daha bir ehtiyat namizədlərinin olmasına çalışırlar. Deyilənlərə görə, Ruhani bu ideyanın qəti əleyhinədir.

Rəisinin özünə gəlincə isə, o bütün müsəlman dünyasında ən böyük xeyriyyə təşkilatı olan Astan Qüds Rəzavi fondunun rəhbəridir. 56 yaşlı ruhani xadimin başçılıq etdiyi bu fond müqəddəs Məşhəd şəhərinin baxıcısıdır.

O İran tarixində ən repressiv sityasətçilərdən biri sayılır. Rəisi 1988-ci ildə minlərlə dissidentin edamına hökm verən 4 şəriət hakimindən biri olub. Bu prosesdəki "xidmətlərinə" görə Ruhulla Xomeyni onu Tehranın baş prokuroru təyin etmişdi.

Hazırda ev dustağı olan müxalifət lideri Mehdi Kərrubinin oğlu Məhəhmmədtağı Kərrubi deyib ki, prezidentliyə kimin seçilməsindən asılı olmayaraq bu şəxsin ölkənin növbəti ali rəhbərinin təyinatında böyük rolu olacaq.

O deyib ki, Ruhaninin hakimiyyətdən getməsini istəyənlər də onun məhz bu prosesdən kənarlaşdırılmasına çalışırlar.
"Qorxuram ki, elə buna görə də Ruhani heç seçkiyə buraxılmasın" – deyib Kərrubi.

Kərrubinin irəli sürdüyü ikinci versiya budur ki, ola bilsin, Rəisinin namizədliyini verməklə sadəcə olaraq onun populyarlığını artırmaq və Xamneyiyə varisliyini hazırlamaq istəyirlər (BBC).