ABŞ prezidenti Donald Trampın xarici siyasətinin parametrləri dəqiqləşdikcə, Koreya yarımadasında müharibə təhlükəsi də artır. Məsələ burasındadır ki, bir çox analitiklərin yeni administrasiyanın fərqli xarici siyasət yeridəcəyi barədə irəli sürdükləri proqnozlar baş verən hadisələr fonunda heç də öz təsdiqini tapmır. Yaxın Şərqdə, xüsusən Suriya ətrafındakı son hadisələr deməyə əsas verir ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəlsə də, Vaşinqtonun xarici siyasət xətti öz əvvəlki axarında davam edir.
Yeni administrasiya Yaxın Şərq məsələsində olduğu kimi, Koreya yarımadasında da ABŞ-ın mövqelərini saxlamağa, buradakı tərəfdaşları ilə birlikdə Çinin müttəfiqi olan Şimali Koreyanın nüvə və raket sınaqlarını dayandırmağa çalışır. Bir neçə gün əvvəl Vaşinqtonda ABŞ və Çin liderlərinin görüşü zamanı həmin mövzunun danışıqlar masasında xüsusi yer tutduğu, lakin arzuolunan nəticəni vermədiyi barədə artıq dünya mətbuatında aydın fikirlər səslənir. Çinin Şimali Koreya rəhbərliyini nüvə və raket proqramlarından imtina etməyə razı sala bilməyəcəyi təqdirdə, ABŞ-ın bu ölkəyə hərbi gücün tətbiqindən başqa digər yolun qalmadığı barədə Pekinə xəbərdarlıq etdiyi də bildirilir. Donald Tramp Çinlə birlikdə və ya onsuz Şimali Koreya probleminə son qoymaq niyyətindədir. Birləşmiş Ştatların Sakit okeandakı hərbi-dəniz qüvvələrinin zərbə qrupunun artıq Koreya yarımadası istiqamətində yola çıxdığı barədə məlumatlara da dünya mətbuatında geniş yer verilir.
Doğrudur, G7 ölkələri xarici işlər nazirlərinin İtaliyada keçirilən toplantısı çərçivəsində Yaponiya xarici işlər idarəsinin rəhbəri ABŞ dövlət katibi ilə görüşündə Şimali Koreya məsələsində daha ciddi addımların zəruriliyini etiraf etsə də, hərbi əməliyyatlara ehtiyac olmadığını bildirməsi həmin xəbərlər arasında yer alır. Yəni ABŞ-ın regiondakı ən güclü müttəfiqlərindən biri problemin həlli üçün müharibənin yeganə variant kimi seçilməsinin əleyhdarı kimi çıxış edir.
Buna baxmayaraq, Kyodo agentliyinin bu gün hökumətdəki mənbələrə istinadla yaydığı xəbərdə qeyd edilir ki, ABŞ Çinin Pxenyanı raket-nüvə proqramlarından əl çəkməyə məcbur edə bilməyəcəyi təqdirdə Şimali Koreyanın hərbi zərbəyə məruz qalacağı barədə Yaponiya tərəfini məlumatlandırıb. Əlavə olunur ki, bu barədə xəbərdarlıq Yaponiya hökumətinə dövlət departamenti tərəfindən aprelin əvvəllərində çatdırılıb. Həmin mənbənin sözlərini sitat gətirən agentlik bildirir ki, məsələnin yalnız iki həlli variantı var: ya Pekin təzyiqi artıracaq, ya da ABŞ zərbə endirəcək.
Yaponiya hökumətində artıq başa düşürlər ki, Şimali Koreyaya qarşı hərbi əməliyyat ABŞ üçün artıq real seçimdir. Bunun baş verəcəyi təqdirdə Yaponiya və Cənubi Koreyanın Pxenyan tərəfindən cavab zərbələri üçün hədəf seçiləcəyini rəsmi Tokio çox yaxşı anlayır.
Bu real təhlükədən çıxış edən Yaponiya hökuməti ABŞ-ın diqqətinə çatdırmağa çalışır ki, Tokio Şimali Koreya ilə əlaqədar problemin hərbi həllinin deyil, Koreya yarımadasının nüvə silahsız statusunun diplomatik yolla təmin edilməsinin tərəfdarıdır. Bu mövqeyi xarici işlər naziri Fumio Kişida ABŞ dövlət katibi Reks Tillersonla aprelin 10-da İtaliyada baş tutan görüşündə ortaya qoyub. Yaponiya Şimali Koreyanın hərbi və iqtisadi müttəfiqi olan Çinin Pxenyana təzyiq yolu ilə nüvə-raket proqramlarından imtinasının mümkünlüyünə ümid bəsləyir. Bunun üçün Çinin əlində kifayət qədər vasitələr var.
ABŞ-a gəlincə isə, Ağ ev son vaxtlar dəfələrlə bəyan edib ki, Şimali Koreyaya münasibətdə bütün variantlar mümkündür. İstər Vaşinqton, istərsə də Tokio və Seul Pxenyanın öz hərbi proqramlarında xeyli irəlilədiyini, hətta ABŞ ərazisini vura biləcək qitələrarası ballistik raketlərin yaradılmasına yaxınlaşdığını yaxşı bilirlər.
Hazırda ABŞ hərbi-dəniz qüvvələrinin başda “Carl Vinson” atom aviadaşıyıcısı olmaqla, zərbə qrupunun Koreya yarımadasına doğru hərəkəti davam edir. Həmin qrupa iki esmines və bir kreyser də daxildir. Kyodo agentliyinin məlumatına görə, bu qrupa yardım üçün San-Dieqo hərbi bazasından ABŞ-ın daha iki hərbi gəmisi göndərilib.
Göründüyü kimi, Yaxın Şərqdə artıq neçə illərdir ki, davam edən barıt qoxusu artıq Koreya yarımadasına da çatmaq üzrədir. ABŞ-ın dünyanın hegemon dövləti rolunu təsdiqləmək niyyəti və Şimali Koreya rəhbərliyinin öz mövqeyində heç bir güzəştə getmək istəməməsi deməyə əsas verir ki, dünyanın bu gərgin regionunda da hərbi əməliyyatların başlanması təhlükəsi reallığa çox yaxındır(azərtac)