XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 16:16

Rusları küçəyə çıxara bilmiş müxalifət lideri:“Putin yeni Rusiya imperiyasının çarı olmaq istəyir”

Rusiya müxalifətinin öndə gələn ismi Aleksey Navalnı inzibati qaydada 15 günlük sutkalıq cəzasını çəkib qurtardıqdan sonra mübarizəsindən dönməyəcəyini bildirib.

O, bunu Almaniyanın “Der Spiegel” jurnalına verdiyi müsahibədə bəyan edib.

Navalnı Rusiya gəncliyinin düşdüyü kasıblıq vəziyyətinə artıq dözmədiyini söyləyib: “Minlərlə gənc kasıblığa etiraz etmək üçün küçələrə axışdı! İstənilən halda bu olduqca vacib bir faktordur. Rusiyada həyat səviyyəsi 5 ildir ki, müntəzəm şəkildə düşməkdə davam edir. Məsələn, Tomskda mən cavan insanlardan kimin nə qədər 20 min rubldan az maaş aldığını soruşdum. Bu təxminən 330 avroya bərabərdir. Onların hamısı mənə cəmi bu qədər maaş aldıqlarını söylədilər. Özü də Tomsk neftlə yaşayan universitet şəhəridir!

Mənim haqqımda tez-tez deyirlər ki, guya yalnız imkanlı adamların maraqlarını təmsil edirəm. Prinsip etibarilə bu yaxşıdır. Savadlı, heç bir maliyyə problemi olmayan insanlar Putindənsə mənə üstünlük verirlər. Lakin bu o demək deyil ki, digərləri də bizə qarşıdır”.

Navalnı baş nazir Dmitri Medvedevin məlum video məsələsinə görə cavabına da toxunub.

Xatırladaq ki, bu ilin martında Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu Dmitri Medvedevə məxsus olduğu iddia edilən əmlaklar və digər varidatlar barədə sənədli film çəkmişdilər. Həmin filmdə baş nazirin Rusiya, İtaliya, Sloveniya, İsveçrə kimi ölkələrdə milyardlıq bank hesablarından və dəbdəbəli villalarından bəhs olunurdu. Film Youtube- sosial video şəbəkəsində çıxdıqdan sonra minlərlə insan Rusiyanın 80-dən çox şəhərində etiraz etmək üçün küçələrə çıxdı.

Rusiya baş naziri bununla bağlı yalnız aprelin 4-də “Tambovski bekon” ət zavoduna etdiyi ziyarət zamanı cavab verə bilmişdi. Baş nazir həmin videonun müxtəlif çöküntü qarışığından hazırlanan kompot adlandıraraq ona yönəlik bütün ittihamların iftira olduğunu bildirib: “Mənimlə, tanışlarımla, o cümlədən varlığından xəbərim belə olmadığım insanlar, olmadığım yerlərlə bağlı qarışıq çöküntülərdən bir kompot düzəldib, onu ictimaiyyətin qabağına qoyurlar”.

Dmitri Medvedev Aleksey Navalnını etirazçı gəncləri öz siyasi məqsədlərinə qurban verməkdə günahlandırıb. Navalnı isə Medvedevin bu cavabını “miskin” deyə səciyyələndirib: “Baş nazir bundan ötrü tam bir yaz gözlədi və ağlına “kompot” kəlməsindən başqa bir şey gəlmədi. Yəqin ki, o , bütün həftəni içib, elə görünüşü də buna müvafiq gəlirdi”.

Aleksey Navalnı Rusiyada qubernatorlar arasında aparılan yeni həbs dalğası ilə bağlı danışıb. Rusiya müxalifətçisi məsələ ilə bağlı mövqeyi fərqli olub.

“Qubernatorları Kremlə qarşı hər hansı etiraz səsinin çıxmaması üçün həbs edirlər. Bundan başqa, Putinə öz ətrafını qorxu altında saxlamaq çox vacibdir. O, insanların etiraz aksiyalarıından daha çox, öz yaxın çevrəsindən çəkinir. Çünki orada sistemin yürüməyəcəyini bilib, ona qarşı tənqidi mövqedə dayanan xeyli insan var. Elə ona görə də onları indidən susdumaq istəyirlər”.

Navalnı Putinin ömürlük prezident olmaq istədiyini bildirib. “Putin 2018-ci ildə də öz namizədliyini mütləq irəli sürəcək. O, yaratmaq istədiyi yeni Rusiya imperiyasının çarı olmaq istəyir. Hesab edirəm ki, Putin artıq bu ideyanın əsirinə çevrilib”.

Həmin seçkilərdə öz iştirakına gəlincə, Navalnı bunun üçün komandasının çalışdığını bildirib. O, 2013-cü ildə Kremlin onu Moskva şəhər meri postuna namizədliyini buraxmaqla böyük səhvə yol verdiyini qeyd edib: “Həmin vaxt mənim cəmi 7-8% səs yığacağımı düşünürdülər. Nəticədə isə 27% səs aldım. Bu səbəbdən Kremldə mənim namizədliyimin əleyhinə çıxanlar çoxdur.

Bundan başqa, mənə çıxış etmək imkanının verilməsindən çox qorxurlar. 17 idlr ki, Rusiyada seçkilər bəlli şablonla keçirilir. Heç kim Putini tənqid etmir, hər hansı seçkiqabağı proqramı açıqlanmır və bütün bunlar cəmi ay yarım ərzində səssiz şəkildə gedir. Yekunda Kreml Putinin bütün alternativlərini bloklaya bilir. Ona Rusiyanın hər yerini gəzib, ölkənin problemlərindən danışan namizəd lazım deyil. (musavat.com)