XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

21 Aprel 2017 - 17:14

Paris hücumunda şübhəli bilinən şəxs polisə təslim olub

Parisin məşhur Champs Elysee xiyabanında terror hücumunda əli olduğu deyilərək, axtarışda olan belçikalı şəxs Antverpen rəsmilərinə təslim olub.

Belçika prokurorluğu bu gün bildirib ki, həmin şəxs sosial mediada özünün "bir nömrəli" şübhəli şəxs kimi axtarıldığını gördükdən sonra cümə axşamı gecə saatlarında polisə gedib. Lakin şübhəli və onun hücumla əlaqəsi barədə heç bir məlumat verilməyib.

Terror hücumunun məsuliyyyətini öz üzərinə götürən İŞİD özünün mətbuat orqanı vasitəsilə hücumçunun qrupun Belçikalı Əbu Yusif adlı döyüşçüsü olduğunu bildirib.

Paris polisi isə öldürülən silahlının kimliyinin müəyyən edildiyini bildirsə də, nə adını, nə də İŞİD-lə əlaqəsi olduğunu deyib. Polisin bildirdiyinə görə, öldürülən şəxsin ailə üzvlərindən üç nəfər nəzarət altına alınıb və sorğu-sual edilib.

Fransa prezidenti Fransua Olland deyib ki, o bu hücumun terror aktı olduğuna əmindir. Hadisə fransızların bazar günü seçkilərinə hazırlaşdığı vaxt baş verib.

Fransa prezidentliyinə namizədlərin hücumlara reaksiyaları müxtəlif olub. Ultra sağçı partiyanın rəhbəri Marine Le Pen hücuma görə "dəhşətli totalitar ideologiya olan radikal İslam"-ı günahlandırıb. Mərkəzçi namizəd Emmanuel Macron Fransanın qorxuya təslim olmayacağını bəyan edib. Vaşinqtonda hücuma reaksiya verən ABŞ Prezidenti Donald Tramp fransız xalqına başsağlığı verərək zorakılıqlara son qoymağın vacibliyini vurğulayıb.

Fransada ötən 2 il ərzində islamçı yaraqlıların hücumları 230-dan çox insan həyatına son qoyub.