Bütün dünya İŞİD-lə mübarizəni müzakirə etdikləri Vyana görüşündən dərhal sonra bu terror təşkilatı Suriyada yeni zəfərə imza atıb.
Strateq.az xəbər verir ki, “xəlafətçilər” Suriyanın Xüms vilayətində rejimin nəzarətində və əhalisinin əksəriyyəti xristian olan Mehin qəsəbəsini ələ keçirib.
Yerli qaynaqlar təşkilatın bomba yüklü iki avtomobillə qəsəbəyə hücum təşkil etdiyini, Mehinin girişindəki barrikadaları tamamilə yox edərək hökumət binalarını ələ keçirdiyini bildirir.
İŞİD daha əvvəl də Xüms çölündəki Cəzəl neft sahəsi və ətrafındakı 2 təpəni işğal etmişdi.
Xatırladaq ki, vəhabi radikallarının bağlı olduğu Səudiyyə Ərəbistanı Vyana görüşündə Rusiya və İranın təklif etdiyi “Bəşər Əsədli keçid hökuməti” fikriylə qətiyyən razılaşmamış, Əsədin ya xoşluqla, ya da müharibə ilə hakimiyyətdən uzaqlaşdırılacağını bildirmişdi. İŞİD-in son zəfərinin həmin çıxışdan bir gün sonra reallaşması bu mənada heç də təəccüblü görünmür.