XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2017 - 20:20

Roma Papası Misirə gəlib:Ölkədə ciddi təhlükəsizlik tədbirləri görülüb - FOTO

Bu gün Roma Katolik Kilsəsinin başçısı, Roma Papası Fransiskin Misirə ikigünlük apostol səfəri başlanıb.

O, Qahirəyə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin, Katolik Kilsəsi yepiskoplarının, Qibti Kilsəsinin patriarxı II Tavadrosun və qədim Əl-Əzhar İslam Universitetinin baş imamı şeyx Əhməd ət-Teyibbin dəvəti ilə gəlib.

Qahirə beynəlxalq aeroportunda pontifikin təntənəli qarşılanması mərasimində ölkənin baş naziri Şərif İsmayıl, digər yüksəkvəzifəli rəsmi şəxslər və katolik kilsəsinin nümayəndələri iştirak ediblər.

Roma Papası Fransisk aeroportda bəyan edib ki, onun bu səfəri “həmrəylik və qardaşlıq” müjdəsidir. Sonra kortejin müşayiəti ilə “Əl-İttihadiyyə” iqamətgahına yola düşən pontifiki orada Prezident Əbdülfəttah Əs-Sisi qəbul edib.

Pontifik Ehramlar ölkəsində səfərdə olduğu müddətdə ictimai xadimlər, Qibti Kilsəsinin patriarxı II Tavadros və Əl-Əzhar şeyxi Əhməd ət-Teyyib ilə də görüşlər keçirəcək. Papa Fransisk həm Misirdən, həm də Yaxın Şərqin və Cənubi-Şərqi Asiyanın digər ölkələrindən olan ilahiyyatçıların, Şimali Amerika və Avropa Xristian kilsələrinin nümayəndələrinin və başqalarının iştirakı ilə keçirilən Beynəlxalq Sülh Konfransında çıxış edəcək.

Qahirə küçələrində üzərində “Dünyanın Papası Misirə xoş gəlib” şüarı yazılmış plakatlar asılıb. Papa Fransisk bu səfər çərçivəsində Misir Hərbi Hava Qüvvələrinin stadionunda da ibadət edəcək.

Pontifikin Misirə səfəri dinlərarası dialoqun inkişafı, tolerantlıq dəyərlərinin möhkəmlənməsi yolunda mühüm addım olacaq, terrorizmin yayılmasına qarşı birgə mübarizəyə kömək edəcək.

Xatırladaq ki, bu il aprelin 9-da Tanta və İsgəndəriyyə şəhərlərindəki xristian məbədlərində iki terror aktı törədilib. Bu hadisələrdən sonra Misirin hakimiyyət orqanları Müqəddəs Taxt-Tacı Pontifikin qarşıdakı səfərinin təhlükəsizliyinin təmin olunacağına əmin ediblər. Prezident Əbdülfəttah Əs-Sisinin tapşırığına əsasən ölkədə çox ciddi təhlükəsizlik tədbirləri görülüb.

Məlumata görə, Katolik Kilsəsinin başçısının Qahirəyə səfəri müddətində onun həyatı üçün yarana biləcək riskləri minimuma endirmək məqsədilə Papa Fransisk yalnız bağlı “papamobil” maşınında hərəkət edəcək, Papa kortejinin marşrutu boyunca dayanacaqlar isə qısamüddətli olacaq.