Fransada prezident seçkilərinin favorit namizədi Makron BBC-yə müsahibəsində bildirib ki, Avropa İttifaqı islahatlar keçirməsə "Frexit"-lə üzləşəcək.
Avropa İttifaqı tərəfdarı olan mərkəzçi Emmanuel Makron bu sözləri ifrat sağçı rəqibi Marin Le Penlə mübarizə aparacağı seçki kampaniyasının son həftəsində deyib.
"En Marche!” hərəkatının lideri Makron BBC-ə müsahibəsində Avropa tərəfdarı olduğunu bildirib: “Seçki zamanı mən Avropa ideyasını və Avropa siyasətini dəfələrlə müdafiə etmişəm. Çünki mən Avropanın fransızlar üçün və ölkəmizin qloballaşmasında mühüm rol oynadığını düşünürəm. Lakin eyni zamanda biz reallığı qəbul etməliyik, xalqımızı dinləməliyik və onların bu gün çox qəzəbli və hövsələsiz olduğunu anlamalıyıq”.
"Ona görə də mən Avropa İttifaqında və Avropa layihəmizdə dərindən islahatlar keçirmək olduğunu düşünürəm", -deyə o, bildirib. Cənab Makron Aİ-nin olduğu kimi fəaliyyət göstərməsinə imkan verməyin "satqınlıq" olacağını deyib: "Mən bunu istəmirəm. Çünki növbəti gün bizdə Frexit olacaq, ya da ki, bir daha [xanım Le Pen-in] Milli Cəbhə olacaq", -deyə o vurğulayıb.
Fransız seçicilər növbəti bazar günü iki namizəddən birini prezident seçəcəklər. Xanım Le Pen Avropa İttifaqı əleyhinə kampaniya apararaq seçicilərə Fransanın Aİ üzvlüyünə dair referendum keçirəcəyini vəd edib.
O, immiqrasiyanı kəsəcəyini və Fransanın sərhədləri üzrə idarəçiliyi Aİ-dən alacağını söz verərək kənd rayonlarında və keçmiş sənayə ərazilərində dəstək qazanıb.