İŞİD-in Misirdəki qolu Rusiyanın sərnişin təyyarəsini S-125 raketi ilə vurması barədə sənəd yayıb.
Strateq.az bildirir ki, bunu İtaliyada nəşr olunan “El Tempo” qəzeti İŞİD terror qruplaşmasına istinadla yazıb.
“El Tempo” qəzetinin məlumatına görə, İŞİD bu 8 səhifəlik sənəddə iddia edib ki, Rusiya sərnişin təyyarəsinin vurulmasındakı rolunu sübut etməyə qadirdir. İŞİD bu sənəddə iddia edib ki, bu sərnişin təyyarəsini Rusiya istehsalı olan S-125 raketi ilə vurub.
“İŞİD-in iddiasından aydın olur ki, bu terror qruplaşması Misir ilə qonşuluqda yerləşən Liviyanın sabiq diktatoru Müəmmər Qəddafinin silah cəbbəxanasının böyük bir hissəsini ələ keçirib. Bu cəbbəxanada Rusiya istehsalı olan bir sıra modern silahlar o cümlədən yer-hava tipli SAM raketləri olub”,- deyə qəzet yazıb.
Rusiyaya aid bir sərnişin təyyarəsi şənbə günü Misirin Sina səhrasında qəzaya uğrayıb. Təyyarənin bütün sərnişinləri və ekipaj heyəti həyatını itirib.
Misirin təhlükəsizlik rəsmiləri İŞİD-in bu sərnişin təyyarəsini vurması ilə bağlı xəbərləri təkzib edərək, bildirib ki, İŞİD-in bu hadisə ilə bağlı bəyanatı Misirin turizm sektoruna zərbə vurmaq məqsədini daşıyır.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov da İŞİD-in iddiasına reaksiya olaraq deyib ki, Rusiya təyyarəsinin qəzaya uğramasının terror aktı olması ilə bağlı xəbərlər “qeyri-dəqiqdir”.