Çexiyanın müdafiə naziri Martin Stropnitski amerikalı həmkarı Ceyms Mettis ilə danışıqlar zamanı ölkənin müdafiə büdcəsinin artırılması planları barədə məlumat verib. 2025-ci ilə qədər Çexiya ümumi daxili məhsulun 2 faizini müdafiə məqsədləri üçün ayırmalıdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp NATO üzvü olan ölkələrə dəfələrlə müraciət edərək müdafiə xərcləri üçün bu həcmdə ayırmaları təmin etməyə çağırıb, lakin NATO-ya daxil olan dövlətlərin əksəriyyəti kimi Çexiya da indiyə qədər bu qaydaya əməl etmir və hazırda həmin ayırmaların həcmi ÜDM-nin 1 faizinə bərabərdir.
Çexiyanın müdafiə naziri bildirib ki, onun fikrincə 2020-ci ilədək müdafiə xərcləri üçün ayırmaların real artımı ÜDM-in 1,4 faizi qədər ola bilər.
Pentaqonda Stropnitski ilə Mettis arasında söhbət zamanı Çexiya ordusu üçün 12 helikopter satışına dair tender məsələsi də müzakirə olunub. Bu tenderin finalına Amerikanın Bell şirkəti və İtaliya-Britaniya AgustaWestland konserni çıxıb(azərtac).