XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2017 - 12:09

ATƏT  Yerevandakı ofisini bağladı –Mandatı uzatmaqla bağlı aparılan danışıqlar səmərəsiz qalıb

 

ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında bu təşkilatın Yerevan ofisinin mandatının uzadılması məsələsinə baxılıb.

İclasda ATƏT-in Daimi Şurasının sədri, Avstriyanın bu qurum yanında daimi nümayəndəsi Klemens Koya qeyd edib ki, ATƏT-in Yerevan ofisinin mandatını uzatmaqla bağlı bütün imkanlar artıq tükənib, aparılan danışıqlar səmərəsiz qalıb. Tərəfləri razı salacaq təkliflərin qəbul olunmaması nəzərə alınaraq, ATƏT-in Yerevan ofisinin bağlanmasına qərar verilib. İclasda ATƏT-in baş katibinə göstəriş verilib ki, ofisin bağlanması üçün tələb olunan proseslərin həyata keçirilməsini təmin etsin. Həmçinin qeyd edilib ki, ofisin bağlanması üçün texniki prosedurlar üç ay ərzində başa çatdırılmalıdır.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov çıxışında bildirib ki, ATƏT Azərbaycanda və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk qrupu məşğul olduğu üçün əldə edilən anlaşma ondan ibarət olub ki, ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaqlar. Lakin son üç il ərzində bu ofisin öz mandatına zidd fəaliyyət göstərməsi, xüsusilə minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması əldə edilmiş razılaşmanı pozub. Əsasən Ermənistandan olan ictimai mənbələrdən əldə edilən məlumatlara əsasən, minalardan təmizləmə fəaliyyətinin coğrafi dairəsi genişlənərək Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edib. Belə bir vəziyyət ofisin mandatına uyğun gəlmədiyinə görə Azərbaycan tərəfi bu mandatın yanlış interpretasiyası ilə razılaşa bilməzdi. Bu, həmçinin ofisin təsis olunduğu vaxt əldə edilmiş razılaşmaya da ziddir. Həmin vaxt ofisin öz fəaliyyəti çərçivəsində nəinki Azərbaycanın işğal olunmuş ərazilərində layihələr aparması, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməyəcəyi razılaşdırılıb.

 

Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb. Ötən üç il ərzində müxtəlif imkan və proseslərdən istifadə edilməsinə cəhd göstərilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından məsələyə həll yolunun tapılması mümkün olmayıb.

Ofisin mandatının təhrif olunması və səhv təfsir olunmasının qarşısının alınması üçün Avstriyanın ATƏT-ə sədrliyi tərəfindən Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılması və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə cəlb olunmamasına dair qərar layihəsi təklif olunub. Lakin Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu qərar layihəsini qəbul etməyib. Bu da nəticə etibarilə ofisin bağlanması barədə qərarın verilməsi ilə nəticələnib.

Azərbaycan nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi ofisin bağlanmasına təəssüflənir, amma bu, Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.