XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2017 - 10:13

Bu ölkədə ictimai nəqliyyatda sürücüsüz avtobuslarxidmət göstərəcək

Vyanada ictimai sərnişindaşıma xidmətini həyata keçirən Vyana Şəhər Xətləri şirkəti sürücüsüz hərəkət edən ilk mikroavtobusun təqdimatını keçirib. Şəhərin ən yeni rayonu olan Zeeştadt Aspern ərazisində marşruta buraxılacaq mikroavtobus gələn ilin əvvəlindən sınaqdan keçiriləcək.

Fransanın “Navya” şirkətinin istehsalı olan “Navya Arma” markalı mikroavtobus elektrik mühərriklə çalışır və iki ildən sonra ictimai nəqliyyatda müntəzəm cədvəl üzrə hərəkət etməsi planlaşdırılır.

Vyana Şəhər Xətlərinin baş direktoru Qünter Ştaynbauer “pilotsuz pilot layihə” barədə mətbuata verdiyi açıqlamada bildirib ki, sürücüsüz hərəkət edən nəqliyyat vasitələri müasir dövrün meqatrendidir və bu trend şəhərlərin mənzərəsini ciddi şəkildə dəyişməyə qabil olan potensiala malikdirlər. Məhz buna görə də Vyana Şəhər Xətləri ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən şirkət kimi bu sahədə ən ön sıralarda yer almağa qərar verib.

Avstriya Nəqliyyat Nazirliyinin maliyyə vəsaiti hesabına formalaşan tədqiqat layihəsi çərçivəsində 11 sərnişin daşımaq imkanına malik olan sürücüsüz iki mikroavtobusun xüsusi dayanacaqlar, hərəkət cədvəli və əsl sərnişinlərin iştirakı ilə test yürüşləri aparılacaq. Kamera və sensorlarla təchiz olunan “ağıllı” avtobuslar digər nəqliyyat vasitələri ilə interaksiyada olmaq imkanına sahibdirlər və yol hərəkətində baş verən gözlənilməz hadisələr zamanı müvafiq manevrlər edə biləcəklər.

Konsepsiyanın inkişafı və testlər tam başa çatdırıldıqdan sonra sürücüsüz avtobusların 2019-cu ildən müvafiq marşrutlar üzrə müntəzəm hərəkəti nəzərdə tutulur.

Vyana Şəhər Xətləri, Avstriya Texnologiya İnstitutu, Nəqliyyat Təhlükəsizliyi üzrə Kuratorluq, Avstriya Texniki Nəzarət Cəmiyyəti və “Siemens” şirkətinin avtobus istehsalçısı “Navya” şirkəti ilə birgə çalışdığı layihə çərçivəsində texnoloji məsələlərlə yanaşı, çoxlu sayda hüquqi məsələlərə aydınlıq gətirilməlidir(azərtac).