Almaniya Bundestaqına seçkilər ilində televiziya və ya Almaniya şəhərlərində partiya plakatları asılmış küçələr kimi, Facebook şəbəkəsi də seçkiqabağı mübarizə meydanına çevrilib. Siyasi partiyaların heç biri artıq 28 milyon AFR sakininin qeydiyyata alındığı bu sosial şəbəkədən kənarda qalmaq istəmir.
“Alman dalğası” xəbər verir ki, alman partiyaları arasında Facebook şəbəkəsində abunəçilərin sayına görə hazırda “Almaniya üçün alternativ” (AA) liderlik edir. Lakin sosioloqların apardığı sorğularda AA liderlikdən çox uzaqdır. Sağçı populist mövqeli bu partiya Facebook şəbəkəsində 321 minə yaxın tərəfdar toplayıb. Ənənəvi “xalqçı” partiyalar arasında Almaniya Sosial Demokrat Partiyası (ASDP) birinci yerdədir. Onun 138 min, Xristian Demokratlar İttifaqının (XDİ) 130 min pərəstişkarı var. Lakin qeyd etmək lazımdır ki, partiya səhifəsində “layk” işarəsi qoymuş istifadəçinin müvafiq partiya tezislərini dəstəkləməsi vacib deyil. Bununla o, yalnız partiya səhifəsindən olan materialların öz Facebook lentində yerləşdirilməsinə razı olduğunu bildirir.
Görünür, Almaniyadakı bütün partiyalar dünyada ən iri sosial şəbəkədə necə işləmək lazım olduğunu artıq mənimsəyiblər: əlvan fotoşəkillər, qısa şüarlar, bir qədər də mətn. Liberallar (AADP – Almaniya Azad Demokratlar Partiyası) özlərinin sədri Kristian Lindrenin və baş katib Nikola Beyerin fotoşəkillərini paylaşmaqla istifadəçilərin diqqətini cəlb etməyə çalışırlar.
Bu da kifayət olmadıqda Almaniya Azad Demokratlar Partiyasının forma rəngləri olan parlaq sarı rənglər əlavə edirlər. Amma deyəsən bu da kömək etmir: hazırda Facebook şəbəkəsində liberalların cəmi 75 min tərəfdarı var, halbuki “İttifaq 90”/”Yaşıllar” partiyasının 140 min, Solçu partiyanın isə 190 min tərəfdarı qeydə alınıb.
İşin məzmun cəhətinə gəldikdə, Sosial Demokratlar Facebook şəbəkəsində federal kansler vəzifəsinə özlərinin namizədi Martin Şultsa güvənirlər. O, ASDP-nin reytinqinin illər boyu azalmasını dayandırmağa kömək etməlidir. İnternetdə təbliğat məsələləri üzrə məsləhətçilər bildirirlər ki, istifadəçilər fotoşəkillərlə bərabər videoçarxlara da yaxşı münasibət bəsləyir. Ona görə də ASDP-nin səhifəsində belə videoçarxlar boldur(azərtac).