"Al-Arabiya"
İŞİD-in sabiq müftisi Hussam Naci İraq təhlükəsizlik gücləri tərəfindən hələ 2014-ci ildə həbs edilib. "Al-Arabiya"ya müsahibəsində o, 2004-cü ildə ABŞ həbsxanasında qrupun lideri Əbubəkr əl-Bağdadi ilə tanış olduğunu deyir.
Sabiq müfri bildirib ki, İŞİD lideri İraqın cənubundakı Bukka həbsxanadasında olarkən, özünəqapalı, adamayovuşmaz idi, çox da danışmırdı. "O, dua etmək niyyətində idi və yalnız dini mövzularda danışırdı", – deyə Naci izah edir.
İraqın cənubunda, liman şəhəri olan Umm Qəsrin yaxınlığındakı Bukka həbsxanasını ABŞ 2003-ci ildə inşa etmişdi və burada müharibə zamanı əsir alınan iraqlı məhkumlar saxlanılırdı. 2011-ci ildə düşərgə bağlanıb.
Naci ilk dəfə Bağdadi ilə görüşərkən, gələcək İŞİD müftisi ərəb dili üzrə yenicə bakalavr dərəcəsi almış məzun idi. Öz biliklərindən istifadə edərək o, "məhbuslara nitq, mühazirə və din üzrə dərslər verir"miş.
2007-ci ilədək dəmir barmaqlıqlar arxasında qalmış Nacidən fərqli olaraq, Bağdadi həbsxanada uzun müddət qalmayıb. Həbsindən, demək olar ki, 11 ay sonra, dekabrın 8-də azad edilib.
Azadlığa çıxdıqda Naci yerli məsciddə cümə namazı xütbələri oxuyurmuş: "Bir gün Əbubəkr əl-Bağdadi və Manaf Əl-Ravi adlı digər bir liderin birlikdə arxamda dayanaraq namaz qıldıqlarını gördüm… Sonra oturub söhbət elədik və o, (Bağdadi) mənə iş təklif etdi. O vaxtlar özümü ustadlardan İslam şəriətini öyrənməyə hazırlayırdım, lakin Bağdadi təkid etdi ki, mənimlə bağlı başqa planları var".
Nacinin sözlərinə görə, Bukka həbsxanasındakı sakit davranışlarından fərqli olaraq, Bağdadinin budəfəki "şəxsiyyəti fərqli idi".
"O, artıq əsəbi, aqressiv və Bukkadan tanıdığım içinə qapalı, adamayovuşmaz Bağdadi deyild, – deyə İŞİD müftisi əlabə edib. – Üstəlik bahalı maşın sürürdü".
Naci Bağdadinin təklifini qəbul edib, o, İŞİD hakiminin müavini təyin olunub. Tezliklə aralarında başlayan "münaqişə" cizyə pulu (kitab əhlinin – xristianların və yəhudilərin ödədiyi haqq – tərc.) ilə bağlı olub.
Tarixən İslam ölkələrində cizyə onların qorunması müqabilində xristianlar və yəhudilər kimi səmavi dinlərə sadiq qeyri-müsəlman əhalidən tutulan vergi növü olub.
"Mübahisəmiz cizyənin azlıqların qorunması müqabilində olması, eləcə də bazarlarda toplanan vergilər və kölə qadınlarla əlaqədar idi".
Cizyəyə baxmayaraq, İŞİD xristianlar və onların ibadət yerlərinə zərər vururdu. Həmçinin İŞİD-çilər cizyəni izidilərə (yezidi) tətbiq etmir, onları İbrahimi dininin ardıcılları saymır, qadınlarını zorlayır və əsir götürərək kölə bazarında satır, kişilərini öldürərək bütövlükdə soyqırımına məruz qoyurdular.
Müftü Naci, əlbəttə, İraqın tarixi abidələri və dini obyektlərinin məhvi, xüsusilə ölkənin şimal əyalətində – Ninəvada qeyri-müsəlman dinc sakinlərin qətlinə fərman və ya fətvalar verənlərdən biri olub.
Naci əsas olmayan ekstremist qruplar arasında fikir ayrılıqları haqqında danışıb: "İŞİD, "əl-Qaidə" və digər ekstremist qrupların liderləri arasında mübahisələr çox kiçik idi və mahiyyətcə təməl prinsiplərə şamil deyildi".
O bildirib ki, İŞİD-in fikrincə, "Allahın qanunları ilə idarə etməyən zalım – kafirdir və onunla mübarizə aparılmalıdır".
Sabiq müfti əlavə edib: ""Əl-Qaidə"nin İordaniya lideri Əbu Məhəmməd əl-Maqdisi ilə fikir ayrılığı xilafət dövlətinin bəyannaməsi ucbatından idi, lakin o, İŞİD-in təcrübəsini inkar etmirdi".
Müfti iddia edib ki, ""Əl-Qaidə"nin lideri Ayman əl-Zəvahiri həbs olunub və İŞİD-in parçalanmasının səbəblərindən biri bu idi".
Tərcümə: Strateq.az