Mayın 10-da vəzifəsinin icrasına başlayan Cənubi Koreyanın yeni Prezidenti Mun Çje İn əsas dövlət postlarına ilk təyinatlarını edib.
Azərtac Penhap agentliyinə istinadla xəbər verir ki, Koreya prezidenti Seuldakı iqamətgahında keçirdiyi mətbuat konfransında baş nazir postuna Çolla-Namdo vilayətinin keçmiş qubernatoru Li Nak Yonu təyin etdiyini bildirib. Bununla yanaşı, o, Cənubi Koreyanın Kəşfiyyat İdarəsinin rəhbəri və Prezident Katibliyinin başçısı vəzifələrinə də namizədlər irəli sürüb.
1974-cü ildə Seul Dövlət Universitetində hüquqşünas ixtisasına yiyələnən keçmiş jurnalist və Cənubi Koreya parlamentinin sabiq deputatı 64 yaşlı Li Nak Yon liberal görüşləri ilə məşhurdur. O, ölkənin birpalatalı parlamentində ardıcıl olaraq dörd çağırış yaşadığı vilayəti təmsil edib və 2014-cü ildə Çolla-Namdonun qubernatoru təyin olunub.