Avropa Parlamentinin sədri Martin Şults İrana rəsmi səfərə gəlib.
Strateq.az İRİB-ə istinadən bildirir ki, o, Tehranda İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.
Tərəflər İran ilə AB arasında əlaqələrin möhkəmləndirilməsi yolları haqda danışıqlar aparıb. Əli Laricani bildirib ki, İran İslam Respublikası və Avropa əlaqələri tarixidir.
Laricaninin sözlərinə görə, İran ilə Avropa Birliyi arasında əlaqələr ötən illər ərzində sanksiyalara görə azalıb. Amma, iranlı iş adamları və tacirlər avropalı iş adamları ilə yaxın əməkdaşlığa və əlaqələrə malik olublar.
“İran mühüm məsələlərin həllində Avropanın roluna önəm verir və İran ilə 5+1 qrupu arasında anlaşmanın əldə olunmasının ardınca Avropa Parlamenti sədrinin Tehrana səfəri yeni dövrdə iki tərəf arasında əlaqələrin yaxşılaşdırılması üçün bir fürsət ola bilər”.
Avropa Parlamentinin sədri Martin Şults da bu görüşdə İran və 5+1 qrupu arasındakı müzakirələrin nəticəsindən razılıq edib və deyib ki, İran İslam Şurası Məclisinin rolu Avropa Parlamentinin rolundan heç də az deyil.
Avropa Parlamentinin sədri Tehrana olan bir günlük səfəri zamanı prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının sədri Məhəmməd Cavad Laricani ilə görüşüb, danışıqlar aparmalıdır.