XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 10:18

Nemtsovun qətlinin MDB məkanında demokratik proseslərə təsiri olcaqmı?

Qabil Hüseynli: «İlk növbədə bu qətl demokratik cəmiyyətlərdə xof yaradacaq»
«Bu hadisə istənilən aspektdə yaxşı heç nə yarada bilməz»
Məlum olduğu kimi, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən biri B.Nemtsov qətlə yetirilib. Hadisə 27 fevral, saat 23:40 radələrində baş verib. Moskvanın mərkəzində, küçədə ağ avtomobildən B.Nemtsova 4 dəfə atəş açılıb. Kürək nahiyəsindən aldığı yaralardan B.Nemtsov hadisə yerində keçinib.
Artıq bu məsələ ilə bağlı çox ciddi müzakirələr aparılır. Hökumət bunun təxribat olduğunu desə də, müxalifət bu ölümdə Putini günahlandırır.
Boris Nemtsovun öldürülməsi ilə bağlı qalmaqalı müxalif qüvvələrin qaldırdığını deyən bəzi Rusiya politoloqları hesab edir ki, hər bir ölkədə qarışıqlıqdan istifadə edən qüvvələr mövcud olur. Kremlin mövqeyini müdafiə edən politoloqların fikrincə, B.Nemtsovun şəxsi biznesi də olub: «Əgər bu ölüm siyasi sifariş olsaydı, Kreml yaxınlığında öldürülməzdi. Tam fərqli yerdə və fərqli üsulla öldürülərdi. Bu ölümə səbəb Boris Nemtsovun şəxsi məsələləri olub. Eyni zamanda bu, Putinin əleyhinə fikirləşilmiş təxribat da ola bilər.
Digər tərəfdən, Rusiyada martın 1-də gözlənilən mitinq isə sadəcə boş bir xülyadır. Putinin Rusiyada reytinqi 89%-dən artıqdır. Bütün sorğular onu göstərir ki, Rusiyada baş verən bütün iqtisadi problemləri əhali Putinin pis rəhbər olmasına deyil, ABŞ-ın Rusiyaya qarşı apardığı siyasətlə bağlayır. Belə bir şəraitdə olan dövlət rəhbəri bu cür addım atmaz. Boris Nemtsov vaxtilə çox ciddi vəzifələrdə işləyib. Amma hazırkı dövrdə onun siyasi çəkisi çox aşağı idi».
Maraqlıdır, Boris Nemtsovun qətli MDB ölkələrindəki demokratik proseslərə necə təsir edəcək?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Nemtsovun qətlinə adı bir hadisə kimi yanaşmaq olmaz: «O çox tanınmış siyasətçi idi. Demokratik dalğanın üzərində siyasətə gəlmişdi. Nemtsovun Rusiya siyasətinə təsir gücü də az deyildi. Şübhəsiz ki, onun yoxluğu Rusiya cəmiyyəti üçün ağır itkidir. MDB məkanında da Nemtsovun nüfuzu vardı. Görürsünüz ki, Azərbaycanın özündə onun qətli medianın bir nömrəli xəbərinə çevrilib. Belə hadisə MDB məkanında olan demokratikləşməyə yalnız mənfi təsir edə bilər. çünki müstəqil dövlət olsa da, Rusiyada yaşananların qonşu dövlətlərə mühüm təsiri olur. İlk növbədə bu qətl demokratik cəmiyyətlərdə xof yaradacaq. İkincisi isə, MDB ölkələrində olan demokratiya tərəfdarlarının inamını sarsıdacaq. Siyasətdə stimul deyilən bir faktor da var. Mən əminliklə deyərdim ki, Nemtsovun özündən ilham alan çoxlu sayda siyasətçilər vardı. Bu hadisə istənilən aspektdə yaxşı heç nə yarada bilməz».

Məhəmmədəli QƏRİBLİ