XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 18:05

BMT TŞ Şimali Koreya məsələsi ilə bağlıfövqəladə iclas keçirib

BMT Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyaya münasibətdə qəbul edilən qətnamələri tamamilə yerinə yetirmək üçün bu beynəlxalq qurumun üzvü olan digər ölkələrə müraciət etmək barədə razılığa gəliblər.

NHK telekanalının yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının mayın 16-da keçirilən qapalı fövqəladə iclası 75 dəqiqə davam edib və iclasda Şimali Koreya tərəfindən son ballistik raket buraxılışı məsələsi müzakirə olunub.

Təhlükəsizlik Şurasına sədrlik edən Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Rosselli jurnalistlərə deyib ki, Şura üzvləri Şimali Koreya tərəfindən nüvə və ballistik raket sınaqlarına dözməyəcəklərini bildiriblər. E.Rosselli əlavə edib ki, Təhlükəsizlik Şurası Pxenyanı Koreya yarımadasını nüvəsizləşdirmək istiqamətində addımlar atmağa çağırıb.

İclas zamanı əlavə tədbirlərlə bağlı qəbul edilən qərarlar barədə məlumat verilməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iclasdan əvvəl bildirib ki, ölkəsi sanksiyaların gücləndirilməsi barədə məsələni Çin tərəfi ilə müzakirə edir. Onun sözlərinə görə, Çin tərəfi Şimali Koreya qitələrarası ballistik raketlərin yaradılmasına yaxınlaşdığı vaxt cavab tədbirləri görəcəyini bildirib.

ABŞ və Çinin Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək məqsədilə müzakirələri davam etdirəcəyi gözlənilir(azərtac).