XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2017 - 11:25

Prezident Trampın impiçmentini tələb edənlərin sayı milyonu keçib

"The İndependent" yazır ki, Ağ Evdə qalmaqalların davam etməsi fonunda ABŞ prezidenti Donald Trampın impiçment edilməsi üçün tərtib olunmuş ümumxalq petisiyasındakı imzaların sayı 1 milyonu aşıb.

Petisiyanın tərtibçisi Massaçusets ştatından vəkil Con Bonifazdır. Sənəddə bildirlir ki, prezident Donald Tramp ABŞ Konstitusiyasının xarici və daxili hədiyyələr maddəsini və başqa qanunları pozduğuna görə impiçment olunmalıdır.

Hədiyyələr Maddəsində (The Emoluments Clause) deyilir ki, prezident Konqresin xüsusi icazəsi olmadan heç bir kral, şahzadə və ya xarici dövlət başçısının hədiyyəsini qəbul edə bilməz.

Cənab Bonifaz "Xalq üçün Söz Azadlığı" fondunun həmtəsisçisidir.

O, “MassLive” portalına deyib ki, petisiyanı imzalayanların bu qədər çox olması adamların Konstitusiyanı müdafiə etmək istədiklərini nümayiş etdirir. Bonifaz deyib ki, prezident barədə yayılan son xəbərlər adamları narahat etməyə bilməz.

Həftənin əvvəllərində “Washington Post” qəzeti yazıb ki, Donald Tramp İŞİD-lə bağlı son dərəcə həssas və tamamilə məxfi informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya səfiri Sergey Kislyakla paylaşıb.

Bunun cavabında Tramp tvitter hesabından yazıb ki, onun bir prezident kimi istədiyi məxfi informasiyanı açmaq hüququ var. Bunun ardınca yayılan xəbərlərdə isə deyilirdi ki, Donald Tramp FTB-nin keçmiş direktoru Ceyms Comidən onun adamlarının Rusiya ilə əlaqələrinə dair təhqiqatın dayandırılmasını tələb edib. Comi onun bu tələbini yerinə yetirmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb. İndi Trampın impiçmentini təkcə adi seçicilər yox, həm də Konqres demokratları və hər iki partiyadan olan siyasətçilər tələb edirlər.

Hətta Trampın öz partiyadaşları olan respublikaçılar da impiçment variantını götür-qoy etməyə başlayıblar.