Vyanada Suriya böhranına həsr olunmuş növbəti beynəlxalq konfrans işinə başlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya ilə bağlı önəmli danışıqların aparılacağı və Əsədin bundan sonrakı taleyinə qərar veriləcəyi görüşdə ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, çin, Misir, Fransa, Almaniya, Iran, Iraq, Italiya, Livan, Iordaniya, Oman, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Britaniya, Avropa Birliyi və BMT-dən liderlər iştirak edir.
ABŞ dövlət katibi Con Kerri səfər öncəsi açıqlamasında bildirib ki, IŞID-i Suriyadan təmizləmək üçün Vaşinqtonun xüsusi planı var. Bu planın detalları barədə məlumat verməyən Kerri hələ ki Suriya lideri Bəşər Əsədin taleyi ilə bağlı Rusiya ilə razılığa gəlmədiklərini, lakin bunun müzakirə prosesinə mane olmayacağını bildirib: “Suriyadakı müxalifətdən Əsədə etibar etmələrini, onu qəbul etmələrini istəmək real bir tələb deyil. Ona görə də real bir keçid mərhələsi üçün çalışırıq. Əks halda savaş əsla bitməyəcək. Rusiya və Iranla danışıqlar davam edir. Ortada qərar yoxdur. Amma o dəqiqdir ki, Əsəd hakimiyyətdə qaldıqca IŞID-in təmizlənməsi və barışın olması mümkün deyil. Artıq Əsəd suriyalıları birləşdirmək və savaşı bitirmək iqtidarında deyil”.
Vyana müzakirələrinin əhəmiyyətinə toxunan Kerri bildirib ki, fərqli tərəfləri təmsil edən ölkələr ilk dəfə olaraq bir araya gələrək anlaşırlar: “Bütün ölkələr IŞID-lə mübarizə aparmalı və Suriyanın ərazi bütövlüyünü təmin etməlidilər”.
Noyabrın 13-də Parisdə 150-dən çox insanın ölümü ilə nəticələnmiş terror aktları fonunda konfransın keçirildiyi “İmperial” oteli hermetik şəkildə bağlanıb, yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Bu barədə xəbəri Azərtac yayıb. Xəbərə görə, Avstriya Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkədə konkret təhlükə ssenarisi gözlənilməsə də, Suriya konfransı ilə bağlı ümumi təhlükəsizlik tədbirlərinin preventiv şəkildə gücləndirilməsi lazım gəlib. Eyni zamanda Avstriyanın federal kansleri yaranmış vəziyyətlə bağlı hökumətin təcili iclasını çağırıb.
Mətbuata sızan məlumatlara əsasən, konfransda Suriyada siyasi keçid prosesinə dair ölkə rəhbərliyi ilə danışıqlar aparmalı olan şəxslərdən və müxalifətçilərdən ibarət siyahının hazırlanması nəzərdə tutulur. Təxminən 20-25 nəfərlik siyahı siyasi islahatlar və təhlükəsizlik məsələləri üzrə iki komissiyaya bölünməlidir.
Konfrans öncəsi Qərb dövlətləri Suriyanın gələcəyini prezident Bəşər Əsədin iştirakı olmadan gördüklərini bəyan etdikləri halda, Rusiya və Suriya ilə müttəfiq digər ölkələr suveren dövlətin xalq tərəfindən seçilmiş dövlət başçısının vəzifəsindən kənarlaşdırılmasının yolverilməz olduğunu bildirirlər.