Antalyada G-20 toplantısı keçirilməmişdən bir gün qabaq Vyanadan sevindirici xəbər gəldi. Xəbərə görə, bir sıra ölkələrin xarici işlər nazirləri Suriya məsələsində yekun razılığa gəliblər. Xəbərdə razılığın açıqlanmayan detallarına dünən Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu bəzi aydınlıqlar gətirib.
Strateq.az-ın məlumatına əsasən, türkiyəli nazir əldə olunan yekun razılıqda Bəşər Əsədsiz seçki modelinin qəbul edildiyini bildirib. Yəni 6 aylıq keçid mərhələsindən sonra seçkilər keçiriləcək və Bəşər Əsəd bu seçkidə namizədliyini irəli sürə bilməyəcək.
“Yeni hökumət qurulub bütün səlahiyyətlərini təhvil verəcəyi 6 aylıq keçid dövründə Əsəd razılaşdırılmış forma və tarixdə hakimiyyətdən ayrılacaq. Seçkilərdə namizəd ola bilməyəcək”-Sinirlioğlu belə deyib.
Qeyd edək ki, əvvəl Rusiyanın dilə gətirdiyi bu həll modeli daha sonra elə rəsmi Moskvanın özü və İran tərəfindən rədd edilməyə başlanmış, xüsusilə II Vyana görüşləri məhz bu müxaliflik sayəsində nəticəsiz sona çatmışdı. İndisə “müxalif” dövlətlərin də məlum prinsiplərdə sövdələşdikləri anlaşılır.
Bu sövdələşmədən Rusiyanın nə qazanacağı sonralar aydın olacaq. Hələlik aydın olan isə budur ki, dünya dövlətlərinin bu sövdələşməni əldə etməsi üçün Suriya 100 minlərlə insanını itirdi, milyonlarla əhali yurd-yuvasından didərgin düşdü, bir çox şəhər və kəndlər xaraba qaldı, ölkənin 60%-i hələ də İŞİD, 20%-dən artığı isə əl-Nüsra və digər müxalif silahlıların işğalındadır.
Bəşər Əsədin 5 ildən bəri yürütdüyü siyasətin bu cür nəticələnəcəyi əslində gözlənilməz deyildi. Tarix sübut edir ki, öz taxtı üçün ölkəsinin taleyini beynəlxalq sövdələşmə predmetinə çevirənlər və bunu edərkən də zamanın axarına qarşı mövqe tutanlar gec və ya tez ağır aqibətlə üzləşməli olur. Müvəqqəti əldə olunan hər zaman dilimi isə acı talenin miqyasını daha çox artırır. Xüsusilə, Rusiya kimi böyük oynamağa çalışan gücə arxayınlaşıb xarici siyasət yürüdən ölkələrin rəhbərləri Suriya hadisəsindən lazımi ibrət dərsi götürməlidirlər.
Heydər