Bu qətnaməyə görə Ermənistan öz dostlarını itirə bilər
Strateq.az Ermənistan KİV-nə isnadən xəbər verir ki, martın 1-də İrəvanda Azadlıq meydanında keçirilən mitinqdə çıxış edən eks-prezident Ter-Petrosyan bildirib ki, erməni soyqırımı” üzrə ümumerməni qətnaməsi Ermənistan üçün sıxıntılı nəticələr doğuracaq.
Onun sözlərinə görə, qətnaməyə əsasən, Ermənistanın xarici siyasətində müəyyən korrektələrin edilməsi nəzərdə tutulur. Belə ki, Türkiyə “erməni soyqırımı”nı etiraf etməli, 1915-ci ildə Qərbi Ermənistanda və Osmanlı imperiyasında yaşamış ermənilərin varislərinə maddi və mənəvi itkiyə görə kompensasiyalar ödənilməli, şəxsi və icma (kilsə) mülkiyyətinə hüquq bərpa edilməli və həmçinin Sevr müqaviləsi əsas götürülərək Ermənistan ərazisi genişlənməlidir.
Ter-Petrosyan bildirib ki, bu kəskin dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil: “Qətnamə fəlakətli olmasa da, bizi xarici aləmdə ciddi problemlərlə üz-üzə qoyacaq. Sənədə görə Ermənistan nəinki beynəlxalq ictimaiyyəti öz tərəfinə çəkə, hətta dost ölkələrin dəstəyini itirə bilər”.
Fərzuq Seyidbəyli