XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

03 İyun 2017 - 12:35

UEFA Çempionlar Liqasının finalı:“Real Madrid”, yoxsa “Yuventus”?

İyunun 3-də “Real Madrid” və “Yuventus” komandaları arasında keçirilən final qarşılaşması ilə UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünə yekun vurulacaq.

Azərtac xəbər verir ki, komandalar Kardiff şəhərindəki 74,5 min tamaşaçı tutumuna malik Uels milli stadionunda üz-üzə gələcəklər.

Madridlilər qarşılaşmada qalib gəlsələr qitənin ən nüfuzlu klub turnirinin kubokunu ardıcıl iki dəfə qazanan ilk komanda kimi tarixə düşəcəklər. Bu, həm də “Real Madrid”in bu turnirdə ümumilikdə 12-ci çempionluğu ola bilər. Zinəddin Zidanın yetirmələri bu baxımdan da Avropada liderliyi qorumağa cəhd edəcəklər. Turin təmsilçisi isə 21 illik fasilədən sonra kuboku yenidən muzeyinə aparmağa çalışacaq.

Hər iki komanda sonuncu dəfə 2015-ci ildə bu turnirin yarımfinalında üzləşib. Həmin vaxt mərhələni adlayan komanda “Yuventus” olmuşdu. Komandalar indiyədək finalda cəmi bir dəfə – 1998-ci ildə qarşılaşıblar. “Real Madrid” Miyatoviçin qolu ilə minimal hesabla qalib gələrək 30 illik fasilədən sonra kuboka yiyələnmişdilər.

Dünyada milyonlarla futbolsevərin maraqla gözlədiyi qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, üzəri açılıb bağlana bilən Uels milli stadionu 1999-cu ildə istifadəyə verilib. Bu möhtəşəm idman qurğusunda ilk qolu 2000-ci il martın 29-da finlandiyalı məşhur futbolçu Yari Litmanen vurub. Həmin gün Uels-Finlandiya qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.