XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2017 - 08:56

London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəriməhv edib

London polisi iyunun 4-nə keçən gecə hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib.  

“Dünən 22.08-də (Bakı vaxtı ilə 01.28-də) London körpüsündə sürücünün avtomobili piyadaların üstünə sürməsi barədə məlumatlar daxil olmağa başlayıb. Avtomobil körpüdən Boro bazarına doğru hərəkəti davam etdirib. Şübhəli şəxslər avtomobili tərk edərək, bir neçə nəfərə xəsarət yetiriblər”, – deyə polis nümayəndəsi Mark Rouli bildirib.    

Onun sözlərinə görə, yaralananlar arasına hadisə yerinə çağırış əsasında gəlmiş polis zabiti də var.   

“Polislər hadisə yerinə yetişərək şübhəli şəxsləri məhv ediblər. Bu polisə edilən birinci zəngdən 8 dəqiqə sonra baş verib”, – deyə Rouli qeyd edib.

Bəzi KİV-lər insidentlərdə beş terrorçunun iştirak etdiyini iddia edir. 

Xatırladaq ki, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, nəticədə azı 2 nəfər ölüb, 20-dək piyada xəsarət alıb.

Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.     

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib. 

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin  terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.

Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.    

Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.

İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.   (APA)