Cənubi Koreya rəhbərliyi ABŞ-ın ölkədə THAAD raket hücumundan müdafiə sistemini quraşdırmaq prosesini dayandırmağı qərara alıb.
Prezident ofisinin rəsmisi bəyan edib ki, THAAD sisteminin quraşdırılması ən azı hazırki vaxtda dayandırılacaq. Bundan başqa, sistemin ətraf mühitə ziyanının dəqiq qiymətləndirilməsi aparılacaq.
Yonhap agentliyi yazır ki, prezident ofisi THAAD-ın indiyədək quraşdırılmış iki blokunun və digər avadanlığın sökülməsinin gündəmdə olmadığını bildirib. Lakin quraşdırılmış hissələrin fəaliyyəti hələlik dayandırılır.
Qeyd edək ki, ABŞ-ın Şimali Koreyanın raket hücumu təhdidlərinə qarşı Cənubi Koreyada quraşdırdığı THAAD sistemi Çinin ciddi narazılığına səbəb olub. Bu narazılıq həm siyasi müstəvidə, həm də iki ölkə arasında iqtisadi əlaqələrdə böyük problemlərə səbəb olub. Xüsusən də Çində Cənubi Koreya şirkətlərinin məhsullarına maraq xeyli azalıb. Təkcə “Hyundai” və “KİA”nın Çində avtomobil satışları mayda ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz azalıb. Bundan başqa, Cənubi Koreyaya səfər edən çinli turistlərin sayında ciddi azalma müşahidə olunur(azərtac).