Fransa höküməti Parisdə küçə nümayişlərinə qoyulmuş qadağanın vaxtını 30 noyabra qədər uzadıb, Le Parisien qəzeti bildirib.
“Report”un BBC-yə istinadən verdiyi xəbədə görə, bundan əlavə olaraq, polis Parisin şimalında yerləşən Saint Denisdə binaların birində apardıqları əməliyyat nəticəsində saxlanılan 7 nəfəri azad edib.
Lakin hücumlarda şübhəli bilinənlərə evini kirayəyə verən Jawad Bendaoud barəsində həbs-qətimkan tədbiri seçilib.
13 noyabrda Parisdə silahlılar və canlı bombalar konsert zalını, əsas stadionu, əhalinin sıx olduğu restoran və bara hücum edərək 129 nəfəri öldürüb və 352 nəfəri yaralayıb.
Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
Hücumdan sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Fransa polisi hücumların təşkilində şübhəli bilinənləri saxlamaq üçün Saint Denisdə reyd keçirib və hücumları təşkil etməkdə şübhəli bilinən Abdelhamid Abaaoud öldürülüb.